ELM VƏ TƏHSİL
UNEC Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) avqustun 16-dan I, II, III, IV və V qruplar üzrə ixtisas seçimi keçirilir.
Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə UNEC Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlər “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqetmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, UNEC-də kadr hazırlığı keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz həftəiçi 5 gün UNEC-in III tədris binasında saat 10-dan 17-dək ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.
İxtisas seçimi avqustun 28-dək davam edəcək.