ELM VƏ TƏHSİL
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov UNEC Biznes Məktəbinə qəbul olan 1-ci kurs magistrləri ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali məktəbdə olan yeniliklər, elektron universitet modelinin tətbiqinin genişləndirilməsi, əldə olunan uğurlar barədə danışılıb.
Məlumat verilib ki, Beynəlxalq Mühasiblər Assosiasiyasının üzvü olan ACCA tərəfindən akkreditasiya edilən Biznes Məktəbinin tədris planı dünyanın aparıcı ali məktəbləri tərəfindən təsdiqlənib.
Tədrisin keyfiyyətinin artırılması istiqamətində UNEC-də həyata keçirilən islahatlar çərçivəsində nüfuzlu xarici universitetlərlə ikili diplom proqramlarına dair yeni razılaşmalar imzalanır. Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər. Bu üstünlüyü onlara UNEC Biznes Məktəbinin tam hüquqlu üzvü olduğu EFMD təşkilatı verib. Belə ki, MBA proqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED – Global Talent Network” işədüzəlmə şəbəkəsi vasitəsilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxış əldə edə bilirlər. MBA proqramının xaricdə çalışmaq istəyən bilikli və bacarıqlı magistrləri https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün lazım olan unec.edu.az domeynli email ünvanını Biznes Məktəbinə müraciət etməklə əldə etmək olar.
Sonda magistrlərin sualları cavablandırılıb.