ELM VƏ TƏHSİL


UNEC Ege Universiteti ilə əməkdaşlığa start verib

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Ege Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi UNEC-in rektoru, professor Ədalət Muradov və Ege Universitetinin rektoru, professor Necdet Budak imzalayıblar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, akademik və mədəni əlaqələrin təmin edilməsi perspektivləri əsasında həyata keçiriləcək bu əməkdaşlıq hər iki universitetdə təqdim olunan bütün sahələrdə təhsil və tədqiqat fəaliyyətlərini əhatə edir. Sənədə doktorantların, müəllim və ya tədqiqatçıların tərəfdaş universitetə qəbulunun təşkili, birgə tədqiqat nəticələrinin nəşri, tələbə mübadiləsi, bakalavr və magistratura səviyyələrində ikili diplom proqramlarının həyata keçirilməsi və s. daxildir.

İmzalanma mərasimində Ə.Muradov ulu öndər Heydər Əliyevin dəstəyi və qayğısı nəticəsində Azərbaycanda təhsilin inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sisteminin ən müasir səviyyəyə yüksəldiyini qeyd edib. UNEC-in ölkədə türk dilində ali iqtisadi təhsil verən yeganə universitet olduğunu bildirən rektor türk dünyası iqtisad fakültəsində həyata keçirilən işlərdən söz açıb. UNEC-in Rusiya Federasiyasında filiala sahib olan yeganə xarici universitet olduğunu deyən rektor Azərbaycan Dövlət İqtisad Universitetinin LSE (İngiltərə), Monpelye (Fransa) kimi universitetlərin daxil olduğu ikili diplom proqramlarının geniş beynəlxalq şəbəkəsinə sahib olduğunu bildirib.

UNEC-in aparıcı dünya universitetləri ilə ikili diplom proqramlarının sayının və coğrafiyasının genişləndirilməsi üzərində çalışdığını bildirən rektor universitetdə tədris keyfiyyətinin daha da artırılması istiqamətində aparılan işlərdən danışıb.

Rektor həyata keçirilən bütün tədbirlərin, layihələrin əsas məqsədinin UNEC-də yüksək ixtisaslı kadrların hazırlanması olduğunu bildirib.

N.Budak Ege Universitetinin əsasən əczaçılıq, qida mühəndisliyi, kimya, təbabət, biomühəndislik kimi sahələrdə yüksək ixtisaslı kadrlar hazırladığını qeyd edib. Türkiyədə 206 universitetin fəaliyyət göstərdiyini bildirən qonaq Ege Universitetinin onlar arasında 4-cü, dünya universitetləri üzrə isə 616-cı mövqedə qərarlaşdığını bildirib.

UNEC ilə əməkdaşlığa başlanmasını yüksək qiymətləndirən N.Budak hər iki tərəfə bu önəmli işdə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.