ELM VƏ TƏHSİL


UNEC: İmtahanda məxfi testlərə keçilməsi islahatların növbəti mərhələsidir

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ilinin yaz semestrinin 4-cü modulunda imtahan testləri məxfi saxlanılaraq, tələbələrə verilməyəcək. Bu barədə UNEC-in Elmi şurasında qərar qəbul edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, həmin qərar 2014-cü ildən başlanmış islahatların bu dövrə təsadüf edən mərhələsi ilə bağlıdır. Belə ki, həmin dövrə qədər semestrdə hər fənn üzrə 1200 testin hazırlanmasına dair verilmiş qərar əksər fənlər üzrə testlərin keyfiyyətini kəskin aşağı salmaqla yanaşı, neqativ hallara zəmin yaradıb. Məsələnin həlli məqsədilə ilkin mərhələdə testlərin sayı 700-ə endirilib və universitetdə tədris mühitində köklü dəyişikliklər təmin edilənə qədər bütün testlərin düzgün cavabları qeyd olunaraq imtahan sessiyasından əvvəl tələbələrə verilməsinə dair müvəqqəti xarakter daşıyan qərar qəbul edilib. Nəticədə neqativ hallar aradan qaldırılıb, obyektivlik təmin olunub.

Növbəti mərhələdə UNEC-ə məxsus olan yeni elektron imtahan sistemi formalaşdırılıb, tədris prosesi elektronlaşdırılıb və imtahanda obyektivliyi təmin etmək üçün kifayət edən şərait yaradılıb. Beynəlxalq İqtisadiyyat Məktəbi, Türk Dünyası İqtisad Fakültəsi, UNEC “SABAH” qrupları, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və UNEC Biznes Məktəbində (MBA) test üsulundan imtina edilərək imtahanların bütünlüklə yazılı üsulda keçirilməsinə dair qərar verilib. Növbəti mərhələdə struktur təkmilləşdirilməsi və keyfiyyət təminatı prioritet vəzifələr kimi müəyyən edilib.

2016-cı ildən başlayaraq, təqaüd müsabiqəsinin ümumi orta müvəffəqiyyət göstəricisi əsasında keçirilməsinə dair Nazirlər Kabinetinin verdiyi qərardan sonra, yazılı imtahan verən bakalavr və magistrantlarla, test üsulunda imtahan verən təhsilalanlar arasında normal rəqabət mühitini təmin etmək məqsədilə həm texniki, həm də iqtisadiyyat ixtisaslarında aparıcı fənlər üzrə imtahanların yazılı üsulda və ya məxfi testlərlə keçirilməsinə başlanılıb. Növbəti mərhələdə isə yazılı imtahanların elektronlaşdırılması və kütləviləşdirilməsi işlərinə start verilib və bu məqsədlə yeni proqram təminatının alqoritmi razılaşdırılıb.

Məlumdur ki, COVID-19 pandemiyası şəraitində təhsildə fasiləsizliyi təmini üçün UNEC-də 2020-ci ilin mart ayından tədris distant formada davam etdirilib. Bu səbəbdən bütün universitet üzrə imtahanların yenidən test üsuluna keçirilməsi zərurəti yaranıb. Qısa müddət ərzində UNEC tələbələrinə məkandan asılı olmayaraq, distant formada test üsulunda imtahanda iştirak etmək imkanı yaradılıb və imtahan testlərinin sayı 700-dən 350-yə endirilib. Daim yazılı üsulda və ilk dəfə test üsulunda keçirilən fənlər üzrə imtahan testlərinin sayı 225 müəyyən edilib. Bütün təhsilalanlar üçün imtahanda təqdim edilən testlərin sayı isə 50-dən 40-a endirilib.

2020/2021-ci tədris ilindən başlayaraq, UNEC-də tədris modul sisteminə əsasən aparılır. Pandemiyanın nə zaman bitəcəyi qeyri-müəyyən olduğundan distant təhsildə keyfiyyət təminatı məqsədilə mərhələli şəkildə testlərin məxfiliyinin təmin edilməsi qərara alınıb. Həmin qərara əsasən, 1-ci modulda testlər düzgün cavab variantı ilə birlikdə tələbələrin şəxsi kabinetlərinə göndərilib. İkinci modulda test sualları düzgün cavablar qeyd edilmədən, variantlarla birlikdə, 3-cü modulda isə cavab variantları ümumiyyətlə göstərilmədən, yalnız test sualları şəklində tələbələrə göndərilib. Dördüncü modulda isə test suallarının və cavabların məxfi saxlanılması barədə qərar qəbul edilib.

Dördüncü modul imtahanlarında hər bir fənnin mühazirə mətnləri və təqdimatları əsasında cəmi 100 tam yeni test hazırlanacaq.

Testlərin sayı sillabusda olan mövzular üzrə bərabər bölünəcək. Bu halda əksər fənlər üzrə 1 mövzudan cəmi 6-7 test tərtib olunacaq ki, onlardan da 3-ü asan, 2-si orta, 2-si isə çətin test olacaq. İmtahan zamanı hər bir tələbəyə sillabusdakı müxtəlif mövzulara aid cəmi 40 test təqdim olunacaq. Bu testləri cavablandırmaq üçün təhsilalanlara fəndən asılı olaraq, minimum 50, maksimum 80 dəqiqə vaxt veriləcək.

Əgər imtahan zamanı tələbəyə təqdim olunmuş testin hər hansı birinin və ya bir neçəsinin həmin fənnin sillabusunda qeyd olunan mövzulara aidiyyəti olmadığı aşkarlanarsa, bu halda apellyasiya qərarı tələbənin xeyrinə veriləcək.

Məxfi testlərlə imtahanların təşkili bakalavriat və magistratura səviyyələrində yalnız əyani təhsilalma forması üzrə tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.