ELM VƏ TƏHSİL
UNEC: İnkişaf etməkdə olan liderlər müsabiqəsinin birinci turu yekunlaşıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin qoşulduğu (ISE) “CGMA – İnkişaf etməkdə olan liderlər müsabiqəsi 2020″nin birinci mərhələsi keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin birinci turunda yarış iştirakçılarına Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov və ISE-nin müəllimi Ziya Mürsəlzadə rəhbərlik edib.
Onlayn müsabiqənin birinci turunda UNEC 16 tələbədən ibarət 4 komanda üzrə təmsil olunub.
Maraqlı keçən müsabiqənin sonunda komandalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. ISE-nin “The going concern” komandası universitet üzrə ilk turun qalibi olub. “Alpha seekers”, “Legacy leavers” və “Market crush” komandaları isə müvafiq olaraq 2, 3 və 4-cü yerləri qazanıblar.
Komandaların çıxışı müxtəlif şirkətlərdən dəvət olunan yerli və əcnəbi maliyyə menecerləri tərəfindən də qiymətləndirilib.
Qalib komanda müsabiqənin növbəti turlarında UNEC-i təmsil edəcək. Müsabiqənin final mərhələsi oktyabr ayında Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.
Qeyd edək ki, CIMA (Sertifikatlı İdarəetmə Mühasibləri İnstitutu) dünyanın ən böyük və aparıcı idarəetmə mühasiblərinin peşəkar təşkilatıdır. CIMA işgüzar mühitin tələb etdiyi bilik və bacarıqların inkişafına kömək göstərən, dünyada böyük və ya kiçik biznes sahələrində, dövlət və ya özəl sektorda fəaliyyət göstərmək üçün lazımi keyfiyyətləri formalaşdıran təşkilatdır.