ELM VƏ TƏHSİL


UNEC İqtisadi Forumu 2021: Postpandemiya dövründə biznesin transformasiyası YENİLƏNİB

Bakı, 3 dekabr, AZƏRTAC

Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 davam edir.

AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Forum çərçivəsində “Postpandemiya dövründə biznesin transformasiyası” mövzusunda panel iclas keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov pandemiya dövründə iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi, gözlənilməz risklərə qarşı hazırlıq səviyyəsinin artırılması, eləcə də innovativ texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsinin prioritet məsələlərə çevrildiyini bildirib. Avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyatın qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı müəyyənləşdirəcək meyillər olacağını deyib.

KOBİA sədri iqtisadi transformasiyanı həyata keçirmək üçün maliyyə resurslarına çıxış imkanlarının önəmindən danışıb: “Alternativ maliyyə mənbələri, o cümlədən “Fintech” texnologiyaları dayanıqlı maliyyə resurslarının təmin edilməsi üçün qarşıdakı dövrlərdə mühüm əhəmiyyət kəsb edəcək”.

O.Məmmədov sahibkarların bilik və bacarıqlarının artırılmasının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdıraraq, KOB inkişaf mərkəzlərinin həyata keçirdiyi tədbirlərdən söz açıb.

Məruzədə dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasının hazırlandığı, həmin strategiyanın postpandemiya və postmünaqişə dövrü üçün ölkənin inkişaf istiqamətlərinin əsas konturlarını müəyyən edəcəyi diqqətə çatdırılıb.

“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov UNEC-in təşkil etdiyi məzmunlu, keyfiyyətli forumların sayının ildən-ilə artmasını yüksək qiymətləndirib. Mövzu ilə bağlı çıxış edən holdinq rəhbəri postpandemiyada biznes sahəsində baş verən trendləri açıqlayıb, onları məsafədən çalışma, sürətləndirilmiş rəqəmsallaşdırma, psixoloji və makrofaktorlar kimi səciyyələndirib. Bizneslərin çevikliyə və trendlərə, yeni çalışma metodologiyalarına uyğunlaşmalı olduqlarının vacibliyinə diqqət çəkib.

“Bacarıqlı mütəxəssislərə tələb artmaqdadır. Xaricdə çalışan bacarıqlı gənclər ölkəmizdə işə cəlb olunmalıdır. Bu istiqamətdə isə hibrid iş modelinin tətbiqi çox faydalıdır. Süni intellektləri aşkara çıxarmaq, informasiya texnologiyaları platformalarını açıq etmək lazımdır, bu sahəyə yatırılan sərmayələr artırılmalıdır. Rəqəmsal bazarlardan istifadə etməyən şirkətlər, biznes qurumları qısa zamanda bazardan çıxmaq təhlükəsi ilə üz-üzə qalacaqlar”, - deyə C.Qasımov bildirib.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli transmilli korporasiyalar və neft-qaz sahəsində onların üzləşdiyi problemlər barədə danışıb, bu istiqamətdə BP təcrübəsini bölüşüb: “Pandemiya böhranında neft-qaz və enerji sənayesi ikiqat çətinliklərlə üzləşərək, strategiyalarında ciddi dəyişikliklər elan etdilər. BP 112 illik beynəlxalq neft-qaz şirkətindən inteqrasiya edilmiş enerji şirkətinə çevrilməyi hədəflədi və neft-qaz resursları ilə yanaşı, yeni enerji həllərini müştərilərə təklif etməyi qarşısına məqsəd qoydu”.

B.Aslanbəyli postpandemiya dövründə iqtisadiyyatın tənəzzülü nəticəsində məhsulların inteqrasiyasının investisiya uğrunda rəqabəti daha da gücləndirəcəyini deyib.

Postpandemiya dövründə ən önəmli məsələlərdən birinin insan faktoru və insanların emosional psixoloji durumunun dəstəklənməsi olduğunu deyən BP rəsmisi hibrid iş rejiminə keçidin əhəmiyyətindən də söz açıb, bunun peşə transformasiyana gətirib çıxaracağını bildirib.

Foruma onlayn qoşulan Nobel mükafatı laureatı, professor Məhəmməd Yunus pandemiyanın ölkələrə və cəmiyyətə təsirindən danışıb. Pandemiya böhranında yoxsulluq səviyyəsində yaşayan insanların daha da yoxsullaşdığını, sərvətin konsepsiyasının isə artdığını deyib: “Yuxarıda nə qədər sərvət artması olacaqsa, digər tərəfdə də yoxsullaşma payı yüksələcək”.

Alim qlobal istiləşməyə də diqqət çəkib: “10 ildən sonra kritik istiləşmələr baş verəcək, həyat insanlar üçün dözülməz olacaq. Planetimiz, evimiz yanır, lakin buna baxmayaraq, texnoloji nailiyyətlərdən danışırıq. Bir tərəfdən qlobal iqlim dəyişikliyi, digər tərəfdən isə dünya sərvətinin ədalətsiz təmərküzləşməsi prosesi gedir”.

Süni intellekt və texnologiyaların tətbiqinin işsizliyə gətirib çıxaracağını, bunun da yoxsulluğun artımına səbəb olacağını deyən alim sistemin yenidən işlənməli olduğunu deyib: “Təhsil sistemimiz bizi iş yaradan etməlidir. Lakin biz bunun əksini görürük, gəncləri iş həyatına deyil, həyata hazırlamaq lazımdır. 3.0 ideyası tətbiq olunmalıdır. Gəncləri sahibkar olmağa həvəsləndirilməli, 3.0 klubları yaradılmalıdır. Mən çox şadam ki, azərbaycanlı gənclər artıq bu klubu yaradıblar. Bir halda ki, biz planeti qoruya bilmirik, bu missiyanı gənclərə həvalə edək”.

Forumun moderatoru Rusiyanın Veon şirkətinin Rəqəmsal və Yeni Biznesin İnkişafı üzrə vitse-prezidenti Georq Held süni intellektin biznesin inkişafına verdiyi töhfələr barədə geniş təqdimatla çıxış edib. O, data analitikası sahəsindəki yeniliklər və onların hazırda iqtisadi, ekoloji, biznes və digər sahələrdə mövcud olan problemlərin aradan qaldırılması yönündə fikirlərini bildirib. G.Held dünyada informasiya çoxluğunun bir sıra problemlərə yol açdığını və bunun həll yolu kimi müsbət informasiyaların seçilməsinə ehtiyac olduğunu nəzərə çatdırıb.

Çıxışlardan sonra məruzəçilər mövzu ilə bağlı iştirakçıların suallarının cavablandırıblar.

Forum “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda müzakirələr ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.