CƏMİYYƏT
UNEC Tədqiqat Fondu tərəfindən ANAMA əməkdaşlarına kommunikasiya sahəsində təlim keçirilib
Bakı, 26 iyun, AZƏRTAC
UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekspertləri üçün “Kommunikasiya kanallarının transformasiyası, yeni çağın informasiya istehlakçısı və müasir trendlərə uyğunlaşan mətbuat xidməti” mövzusunda brifinq keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, dövlətin strateji kursuna və prioritetlərinə əsasən ANAMA tərəfindən icra edilən əməliyyatlar haqqında təqdim olunan məlumatların sosial şəbəkələr vasitəsilə daha geniş auditoriyaya çatdırılması, effektiv media alətləri və onların tətbiqinə dair fikir mübadiləsi aparılıb.
Minatəmizləmə fəaliyyəti çərçivəsində davamlı ictimai maarifləndirmə işlərinin əsaslı şəkildə icrasının vacibliyi bildirilib. KİV-lərlə kommunikasiyanın qurulması, qarşılıqlı əməkdaşlıq və zamana uyğun düzgün istiqamətlərin təyin edilməsi sahəsində zəruri bilik və bacarıqlar barədə ANAMA ekspertlərinə məlumat verilib.
Qurumun daxili və xarici əlaqələrinin inkişafı ANAMA-nın bugünkü maraqlarına və həyata keçirdiyi fəaliyyətə uyğun icra edilir.