ELM VƏ TƏHSİL


UNEC alimlərinin tədqiqatı beynəlxalq müsabiqənin qalibi olub

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin layihəsi Avropanın nüfuzlu elmi-tədqiqat mərkəzlərindən olan ALBA tərəfindən elan edilmiş beynəlxalq müsabiqənin qalibi olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Müsabiqədə qalib gələn layihə “Nadir torpaq elementləri ilə aktivləşdirilmiş qələvi torpaq tioqallatlarının “in vivo” lokal temperatur ölçmələri və optik biotəsvirlərin alınmasında effektiv lüminofor materiallar kimi tətbiqi” mövzusunda olub.

Layihənin icrası ilə bağlı Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev və Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru, kafedranın baş müəllimi Tural Nağıyev İspaniyanın Barselona şəhərində yerləşən ALBA elmi-tədqiqat mərkəzində ezamiyyətdə olublar. Layihə Azərbaycan, İtaliya və İspaniyadan olan alimlərdən ibarət tədqiqatçı qrupu tərəfindən həyata keçirilir.

Qalib layihələrin iştirakçılarına ALBA tərəfindən müəyyən olunan vaxtlarda elmi-tədqiqatların aparılması üçün ödənişsiz əsaslarla xüsusi buraxılış nəzərdə tutulur. Müsabiqədə yalnız elmi cəhətdən tam olaraq əsaslandırılmış və praktik tətbiq imkanları gözlənilən layihələrə üstünlük verilir. Layihə çərçivəsində nadir torpaq elementləri ilə aktivləşdirilmiş lüminofor materiallar əsasında “in vivo” (canlı orqanizmlərdə) lokal temperatur ölçmələrinin aparılması məqsədilə lüminessent termometrlərin alınması və infraqırmızı şüalanma xassələrinə görə tibdə optik biogörüntüləmə (optical bioimaging) üçün praktik tətbiq imkanlarının araşdırılması məqsədilə tədqiqatların aparılması da nəzərdə tutulub.

Aparılan tədqiqat işlərinin növbəti mərhələsində Azərbaycan, İtaliya və İspaniyadan olan tədqiq qrupu tərəfindən əldə olunmuş spektrlərin analizi və nəticələrinin yüksək reytinqli elmi jurnallarda dərc olunması planlaşdırılır. Bununla yanaşı, tədqiqat işinin davamı kimi həmin nümunələr müəyyən olunmuş ölkələrin uyğun elmi-tədqiqat mərkəzlərində yerinə yetiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.