ELM VƏ TƏHSİL
UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək
Bakı,16 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) mayın 19-da Bakıda keçiriləcək, ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platforması olan XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransına ev sahibliyi edəcək.
Konfransın təşkilatçıları UNEC ilə yanaşı, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, “Bilik, İqtisadiyyat və Menecment Jurnalı”dır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Bilik, İqtisadiyyat və Menecment Konfransı indiyədək müxtəlif ölkələrdə təşkil olunub, türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanıqlı elmi əməkdaşlıq, araşdırma platformasıdır. Konfransda ictimai elmlərin bütün sahələri üzrə elm adamları, gənc tədqiqatçılar aktual məsələlər barədə məzmunlu və faydalı elmi araşdırmalar aparırlar. Sonda əldə olunan faydalı elmi araşdırmalar konfransın yekun kitabında dərc edilir.
Beynəlxalq konfrans iki mindən artıq elm adamını özündə birləşdirən bir şəbəkə formalaşdırıb.
Tədbirdə 85-dək elmi məruzə dinləniləcək.
Konfransda dünyanın müxtəlif universitetlərindən 150-dək elm adamının iştirakı gözlənilir.