ELM VƏ TƏHSİL
UNEC-də 15 İyun- Milli Qurtuluş Günü qeyd olunub
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Səs” Media Qrupunun hazırladığı “Milli Qurtuluşdan intibaha” filmi nümayiş olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Ədalət Muradov Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olan Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoyduğunu diqqətə çatdırıb.
Professor Şahlar Əsgərov ümummilli lider Heydər Əliyevin müstəqilliyin əldə olunmasındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, bu dahi şəxsiyyətin hər bir çıxışı, hər bir kəlamı dərin məntiqə söykənirdi. Ş.Əsgərov Ulu Öndərin Azərbaycan xalqının, dövlətinin inkişafı üçün var gücü ilə çalışan, öz həyatını qurban verməyə hazır olan dahi şəxsiyyət olduğunu qeyd edib. Ulu Öndərin Azərbaycan dövlətinin yaşaması, inkişafı üçün gərəkli olan bütün işləri gördüyünü, xaosun qarşısını aldığını deyən professor bugünkü müstəqil Azərbaycan dövlətinin məhz Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildiyini və Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. V.Rəhimzadə bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını qeyd edib.
İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov ümummilli lider Heydər Əliyevin iqtisadi siyasətindən, milli iqtisadiyyatın təhlükəsizliyinin təmin olunması istiqamətində apardığı uğurlu islahatlardan danışıb. Bu siyasət nəticəsində Azərbaycanın qlobal böhrandan çıxan lider ölkələr sırasında olduğunu qeyd edib.
Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının müdiri, professor Əli Əlirzayev Azərbaycan xalqını qurtuluşa aparan yoldan danışıb.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan UNEC tələbələrinə üzvlük vəsiqələri təqdim edilib.