ELM VƏ TƏHSİL


UNEC-də Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd edilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb və bu münasibətlə ali təhsil müəssisələrində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Sakit Yaqubov qeyd edib ki, Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU zəngin tarixi keçmişə malikdir. Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti BDU-nun bazasında yaradılıb. Bu universitet yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirib.

UNEC-in Azərbaycan dili kafedrasının professoru Maarifə Hacıyeva isə BDU-nun tarixindən danışıb. BDU-nun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu qeyd edən professor vurğulayıb ki, BDU-nun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ən mühüm tarixi əhəmiyyətli işlərindən biri idi. O, Azərbaycanın dövlətçilik tarixi kontekstində AXC-nin təhsil sistemində yeni bir dövrün başlanğıcını qoyduğunu, bu qərarın qəbul edilməsində ölkənin maarifpərvər ziyalılarının bütün təzyiqlərə baxmayaraq, müstəsna fədakarlıq göstərdiklərini deyib.

Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov BDU-nun yaradılmasının böyük tarixi önəm daşıdığını, bununla xalqın elm, təhsil və mədəniyyətə olan marağının daha da artdığını bildirib. Professor universitetin inkişafında yeni keyfiyyət mərhələsinin məhz Azərbaycan xalqının ümummilli lideri, BDU-nun tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu qeyd edib. O, Ulu Öndərin rəhbərliyi dövründə elmimizin, təhsilimizin, mədəniyyətimizin məbədi olan BDU-ya xüsusi həssaslıqla yanaşdığını söyləyib.

Tədbirdə Humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərov BDU-nun yaranma tarixinə nəzərə salaraq, AXC-nin ilk gündən qarşılaşdığı iqtisadi və siyasi problemlərdən söz açıb. O, AXC-nin xalqın maariflənməsi istiqamətində çox ciddi addımlar atdığını, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirdiyini bildirib. Professor o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən amillərı açıqlayaraq, xalqın inkişafını düşünən qabaqcıl ziyalıların ölkədə təhsil və mədəniyyətin inkişafı istiqamətində göstərdikləri xidmətlərdən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.