ELM VƏ TƏHSİL


UNEC-də “Elm həftəsi” çərçivəsində icbari tibbi sığortanın tədqiqi məsələləri müzakirə edilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm həftəsi” çərçivəsində növbəti tədbir UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov Mərkəzin yaradılmasının əsas məqsədindən söz açıb. Diqqətə çatdırıb ki, məqsədimiz 2020-ci ildə ölkədə tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı müvafiq qurumların yanında olmaq, onlara araşdırmalar aparılması və hesabatlar hazırlanmasında xidmət göstərməkdir. Ölkədə bu sahədə mütəxəssis çatışmazlığı olduğunu və tədqiqat aparılmadığını deyən Ədalət Muradov problemlərin UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində təcrübəli ekspertlər tərəfindən araşdırılacağını bildirib.

Rektor son 5 ildə UNEC-də 602 gənc müəllimin işə qəbul olunduğunu diqqətə çatdıraraq mərkəzin rəhbəri, Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Mirsahib Eminovun da məhz həmin gənclərdən olduğunu deyib.

Sonra Mirsahib Eminov “Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları” mövzusunda çıxış edib.

Milli Məclisin deputatı Musa Quliyev icbari tibbi sığortanın qarşılaşa biləcəyi problemlərdən və onların həlli yollarından danışıb. Tibbi texnologiyaların inkişafı nəticəsində dünyada səhiyyə xərclərinin artdığını deyən Musa Quliyev Azərbaycanda və digər ölkələrdə adambaşına düşən səhiyyə xərclərinin miqdarını açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin yaradılmasının əhəmiyyətindən danışıb. Ölkədə səhiyyə xərcləri ilə bağlı dəqiq məlumatların əldə edilməsində çatışmazlıq olduğunu bildirib. Zaur Əliyev UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində bu istiqamətdə faydalı elmi araşdırmalar aparılacağına əminliyini ifadə edib.

Sonda rektor Ədalət Muradov UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzində icbari tibbi sığorta ilə bağlı vahid məlumat və statistik baza formlaşdırılacağını deyib. Qeyd edib ki, mərkəzin ekspertlərindən ibarət işçi qrupu tərəfindən icbari tibbi sığortanın uğurla tətbiq olunduğu postsovet ölkələrində bu sistemin tətbiqi zamanı üzləşdikləri problemlər və onların aradan qaldırılması yolları ilə bağlı kitabça hazırlanacaq. UNEC-in müəllim və tələbələrindən ibarət “İcbari tibbi sığorta” elçilər komandası formalaşdırılacaq, regionlarda maarifləndirici tədbirlər keçiriləcək.

Rektor tədqiqat mərkəzi tərəfindən ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətin keyfiyyətinin monitorinq sisteminin və maliyyə vəsaitlərinin səmərəliliyi ilə bağlı diaqnostik sistemin yaradılacağını diqqətə çatdırıb. İcbari tibbi sığortaya cəlb olunan əməkdaşlara “UNEC Ekstern”də distant təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.