ELM VƏ TƏHSİL
UNEC-də “Startap günləri”
Bakı, 21 may, AZƏRTAC
Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Startap Azərbaycan” Təşkilat Komitəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Startap günləri” keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə reallaşacaq.
“Startap günləri”nin keçirilməsinin məqsədi yeni startapların yaradılmasına və internet biznesin inkişafına təkan verməkdir. Eyni zamanda, milli startap infrastrukturunu inkişaf etdirmək və tələbələrə bu istiqamətdə metodik dəstək göstərmək layihənin prioritetləri sırasındadır.
İki gün davam edəcək tədbirlər çərçivəsində startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının və prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək. Eyni zamanda, tələbələrə yerli startap sahibləri, tanınmış ekspert və nüfuzlu informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüşmək imkanı yaradılacaq.
“Startap günləri”ndə gənclərin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının müsabiqəsi təşkil olunacaq. Tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıraraq, mentor və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda öz layihələrini təqdim etməklə yarışmaya qatılan tələbələrin ideyalarını peşəkar münsiflər heyəti qiymətləndirəcək.
Qaliblərə qiymətli hədiyyələr, diplom və sertifikatlar təqdim olunacaq.