ELM VƏ TƏHSİL


UNEC-də Tələbə Tədqiqat Klubu yaradılıb

Bakı, 12 noyabr, AZƏRTAC

Tələbələrin elmi tədqiqatlara marağının artırılması, müvafiq layihələrinə daha aktiv cəlb olunması və elmi müzakirə mühitinin inkişafına töhfə verilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrası nəzdində “ISE Tələbə Tədqiqat Klubu” (ISE Student Research Club) yaradılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, klubun fəaliyyəti kafedranın rəhbərliyi ilə tələbələrdən ibarət heyət tərəfindən həyata keçiriləcək. “ISE Tələbə Tədqiqat Klubu”nda gənclərin elmi yaradıcılıq potensialının aşkara çıxarılması, inkişaf etdirilməsi məqsədilə təlim və seminarların keçirilməsi, mentorluq xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, tələbələrin akademik məqalələr yazılmasında fəal iştirakı təmin olunacaq.

Kluba mentorluq xidməti Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimləri, UNEC Empirik Tədqiqatlar Mərkəzi və “Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi”nin tədqiqatçıları tərəfindən təmin ediləcək.

Tələbə klubu gənclərin elmi tədqiqat fəaliyyətlərinin institusionallaşmasına və mentorluq xidmətinin təmin edilməsinə imkan yaradacaq, həm də elmi məqalələrin yazılmasında akademik olaraq müəllim-tələbə münasibətlərinin inkişafı üçün vacib mərkəz rolunu oynayacaq. Klubun təşkilatçılığı ilə həyata keçirilən fəaliyyətlərdə iştirak bütün UNEC tələbələri üçün açıq olacaq.

Kluba üzvlük və fəaliyyətlərdə iştirak könüllülük prinsipi əsasında tənzimlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.