ELM VƏ TƏHSİL
UNEC-də aksiya: toplanan vəsait uşaq evinə göndəriləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Kulinariya Günü münasibətilə xeyriyyə aksiyası keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, aksiyada universitetdə qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin əl işləri sərgilənib. Tələbələrin hazırladıqları müxtəlif çeşiddə şirniyyat və un məmulatlarının satışı təşkil edilib.
Tədbirdə iştirak edən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov Beynəlxalq Kulinariya Gününün UNEC-də qeyd olunmasını yüksək qiymətləndirib. Tələbələrin hazırladıqları şirniyyat və un məmulatlarına münasibət bildirən baş kulinar onların gələcəyin peşəkar qida mühəndisi və kulinarı olacaqlarına əminliyini bildirib.
T.Əmiraslanov aksiyanın təşkilinə görə universitetin qida məhsulları texnologiyası kafedrasının müdiri Mehriban Məhərrəmovaya və tələbələrə Milli Kulinariya Mərkəzinin diplomlarını təqdim edib.
UNEC-in qida məhsulları texnologiyası kafedrası və tələbə həmkarlar ittifaqı komitəsinin təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyası iki gün davam edəcək. Aksiyadan əldə olunan vəsait 1 nömrəli körpələr evinin və 3 nömrəli uşaq evinin sakinlərinə hədiyyə olunacaq.