QAN YADDAŞI
UNEC-də anım tədbiri: “Qarabağ düşərgəsi”
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəaliyyət göstərən UNEC Skautlar dəstəsinin təşkilatçılığı ilə “Qarabağ düşərgəsi” adlı anım tədbiri keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən prorektor Səadət Qəndilova Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı hadisələrindən danışıb, soyqırımına həsr olunan tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
Universitetin Rus İqtisad Məktəbinin dekanı, dosent Mənsur Bərxudarov və Azərbaycan Skautlar Assosiasiyasının UNEC üzrə təmsilçisi Rza Məmmədzadə bildiriblər ki, əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda yetişdirməkdir.
Çıxış edənlər tədbirin təşkilində göstərilən dəstəyə görə UNEC-in rəhbərliyinə və Azərbaycan Skautlar Assosiasiyasına təşəkkürlərini bildiriblər. Həmçinin tədbirin “Qarabağ düşərgəsi” adlandırılmasının səbəbi açıqlanıb. Bildirilib ki, düşərgə keçirtmək skautların əsas fəaliyyətlərindəndir. Onların məqsəd və arzularından biri də Qarabağda düşərgə təşkil etməkdir.
Tədbirdə UNEC-in şəhid məzunlarının ailə üzvləri, Aprel döyüşlərində şəhid olmuş Tural Dadaşovun anası Kəmalə Dadaşova və Mahir Mirzəyevin atası Sabir Mirzəyev çıxış ediblər.
Sonra Xocalı hadisələrindən bəhs edən “Qayıdacağıq” tamaşası nümayiş olunub. UNEC-in şəhid məzunlarının xatirəsinə həsr olunan videoçarx göstərilib.