ELM VƏ TƏHSİL
UNEC-də magistrantların elmi-tədqiqat təcrübəsinə başlanılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində II kurs magistrantların elmi-tədqiqat təcrübəsinə start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təcrübə zamanı magistrantlar təhsil müddəti ərzində əldə etdikləri nəzəri biliklərin praktik tətbiqini əks etdirən tədqiqatlarla məşğul olacaqlar. Magistrantlar iqtisadiyyat və idarəetmə ixtisaslarına uyğun ən azı 1 məqalə yazmalı, dissertasiya işinin ilkin təqdimatını etməli, müəllimlə birlikdə müstəqil dərs keçməlidirlər. Təcrübə 100 bal üzərindən qiymətləndirilir. Nəticələrə görə ümumi keçid balı 51 bal müəyyən edilib.
Dissertasiyaların ilkin təqdimatı zamanı magistrantlar araşdırma mövzuları haqqında təqdimatla çıxış etməlidirlər. Artıq bir neçə gündür magistrantlar əvvəlcədən müəyyənləşdirilmiş otaqlarda təqdimatlarla çıxış edirlər. Onların çıxışları yüksək qiymətləndirilir.