ELM VƏ TƏHSİL
UNEC-də tədrisin keyfiyyətində və elmi fəaliyyətin stimullaşdırılmasında yeni mərhələ
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018/2019-cu tədris ilində imtahan mərkəzinin fəaliyyət istiqamətləri və təkmilləşdirilmiş differensial əməkhaqqı sistemi barədə professor-müəllim heyətinin məlumatlandırılması məqsədilə fakültələrdə görüşlərə başlanılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, maliyyə və mühasibatlıq fakültəsinin professor-müəllim heyəti ilə keçirilən görüşdə rektorun müşaviri Elşən Bağırzadə cari tədris ili üçün təsdiq edilən “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əməkhaqqı sistemi haqqında qaydalar”ına edilən dəyişikliklər barədə məlumat verib. Bildirib ki, həyata keçirilən dəyişikliklərin başlıca məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Belə ki, yenilənən qaydalara uyğun olaraq, sistem üzrə elmi fəaliyyətlərin payı 40 faizdən 70 faizə yüksəldilib, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin, beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb. “Scopus” bazasında elmi məruzələrin dərc edilməsi də nəzərə alınıb.
Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru Raqif Qasımov elektron universitet modelində tətbiq edilən yeniliklər barədə çıxış edib. Pedaqoji heyətə müəllim kabinetinin interfeysi, tədris materiallarının yüklənməsi prosesi, apellyasiya modulu, sərbəst işlərin qəbulu mexanizmi, elan və bildirişlər bölmələri haqqında ətraflı məlumat çatdırılıb.
Həmin mərkəzin direktor müavini Söhrab İsayev isə imtahan prosesinin təkmilləşdirilməsi və mütəşəkkil təşkil olunması məqsədilə yaradılan imtahan mərkəzinin fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, mərkəz fakültələr üzrə imtahan prosesinin koordinasiyasını, imtahan öncəsi hazırlıq işlərini, müraciətlərin operativ həlli və təhlillərin aparılması üçün hesabatların tərtibini icra edəcək.