ELM VƏ TƏHSİL
UNEC-də təhsil almaq istəyən əcnəbi vətəndaşlarla online müsahibələrə başlanılıb
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaşlarla online müsahibələrə başlanılıb. Müsahibələr “Skype” proqramı vasitəsilə Azərbaycan, türk, rus və ingilis dillərində aparılır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müraciət edən əcnəbi vətəndaşlar son iki ilin statistikasının təhlili əsasında UNEC-in əldə etdiyi nailiyyətləri müsbət dəyərləndirib, bu ali təhsil müəssisəsinin tələbəsi olmaq istədiklərini bildiriblər. Sadələşdirilmiş online qəbul prosesindən razılıq edən əcnəbi vətəndaşlar müraciət zamanı heç bir çətinliklə üzləşmədiklərini söyləyiblər.
Müsahibə zamanı müraciət edən vətəndaşların dil bilikləri yoxlanılır. “Skype” müsahibələr istisnasız olaraq müraciət edən bütün əcnəbi vətəndaşlarla aparılır.
Qeyd edək ki, UNEC-də əcnəbi tələbələr üçün sadələşdirilmiş qəbul prosesinin tətbiqinə ilk dəfə ötən ildən başlanılıb və qısa müddətdə əcnəbi vətəndaşların marağına səbəb olub.