ELM VƏ TƏHSİL


UNEC-də təhsilin elmə inteqrasiyası istiqamətində mütərəqqi islahatlar aparılır

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Professorlar klubu”nun növbəti görüşü keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşün fəxri qonağı UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun müxbir üzvü, akademik Şahin Mustafayev olub.

“Professorlar klubu”nun rəyasət heyətinin sədri, professor Əvəz Ələkbərov mütəmadi olaraq ölkənin tanınmış elm və ictimai xadimləri ilə görüşlərin keçirildiyini, cəmiyyətin aktual mövzuları barədə fikir mübadiləsi aparıldığını söyləyib. O, son illərdə UNEC-də həyata keçirilən yeniliklərdən də danışıb. Bildirib ki, universitet tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilmək istiqamətində qarşısına müəyyən hədəflər qoyub. Belə ki, universitetdə Nobel mükafatçılarının iştirakı ilə nüfuzlu beynəlxalq konfranslar keçirilir, pedaqoji heyətin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə diferensial əməkhaqqı sistemi tətbiq edilir.

Professor son dörd ildə UNEC-in pedaqoji heyətinin nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda dərc olunan məqalələrinin sayının ötən illərə nisbətən dörd dəfədən çox artdığını, əlaqələrinin daha da genişləndirildiyini bildirib.

Akademik Şahin Mustafayev UNEC-də təhsilin elmə inteqrasiyası istiqamətində mütərəqqi islahatlar aparıldığını deyib, universitetin mütəmadi olaraq beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsini xüsusi qeyd edib. O, UNEC-də yüksək elmi mühitin yaradıldığını və bu ali təhsil müəssisəsinin aparıcı islahatların önündə olacağına əminliyini bildirib.

“Professorlar klubu”nun yaradılmasını yüksək qiymətləndirən Şahin Mustafayev bu istiqamətdə dünya təcrübəsini bölüşüb. Sonra alim şərqşünaslıq və tarix elminin strateji istiqamətləri, tarix elminin cəmiyyətin formalaşmasındakı rolu və apardığı tədqiqatlardan bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.