ELM VƏ TƏHSİL
UNEC-də təkrar ali təhsilə və yenidənhazırlanma təhsilinə qəbul prosesi sentyabrın 10-dək uzadılıb
Bakı, 5 avqust, Xatirə Cəfərova, AZƏRTAC
Əlavə təhsil müasir şəraitdə hər bir vətəndaşın əmək bazarında yüksək rəqabətqabiliyyətliliyə malik ola bilməsi üçün fasiləsiz təhsil almaq imkanını təmin etməklə onun yeni peşələrə, ixtisaslara yiyələnməsi, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinə xidmət edir, eləcə də onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması vəzifələrini daşıyır. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan vətəndaş əlavə təhsil almaq hüququna malikdir.
Azərbaycanda əlavə təhsilin ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətləri var ki, bunlar da Nazirlər Kabinetinin 163 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda öz əksini tapıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev məlumat verib.
UNEC-də təkrar ali təhsilə və yenidənhazırlanma təhsilinə qəbul prosesinin sentyabrın 10-dək uzadıldığını deyən S.Tanrıverdiyev bu sahədə son illər tətbiq edilən yeniliklərdən bəhs edib.
Müsahibimiz qeyd edib ki, son üç ildə UNEC-də tədris prosesində müasir və innovativ texnologiyaların tətbiqi və tədrisin elektronlaşdırılması istiqamətində böyük layihələr reallaşdırılmaqdadır. Artıq ikinci tədris ilidir ki, vahid elektron idarəetmə platforması olan “Elektron Universitet Modeli”nin və EDUMAN sisteminin istifadəsinə başlanılıb ki, burada da əsas hədəf şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır.
S.Tanrıverdiyev UNEC-də görülən bütün bu işlərin əlavə təhsilə qəbul prosesində də öz əksini tapdığını bildirib O, qeyd edib ki, 2014-cü ildən başlayaraq əlavə təhsil və əcnəbi vətəndaşların universitetə qəbulu prosesi tamamilə elektronlaşdırılaraq internet vasitəsilə həyata keçirilməyə başlanıb. Hazırda mərkəzdə əlavə təhsillə bağlı sənəd qəbulu üçün iki elektron platforma fəaliyyət göstərir. Əlavə təhsillə maraqlanan istənilən şəxs www.kabinet.unec.edu.az linkinə daxil olmaqla özünə şəxsi kabinet açaraq tələb edilən sənədləri birbaşa oraya yükləyə bilər. Bu, həm vaxta qənaət edir - istənilən vətəndaşın əlavə təhsil almaq üçün ucqar bir kənddən, başqa bir şəhərdən, ölkədən yol qət edib universitetə gəlməsinə ehtiyac qalmır, müvafiq sənədlər elektron formada göndərilir, həm də qəbul prosesinin tam şəffaf və obyektiv aparılmasını təmin edir, subyektiv və kənar pozucu təsirlərin aradan qaldırılmasına tam şərait yaratmış olur.
“İstər yenidənhazırlanma təhsili, istərsə də təkrar ali təhsil almaq üçün müraciət edənlərin sənədlərinin qəbulu və emal edilməsi üçün UNEC rektorunun sədrliyi ilə xüsusi “Sənəd qəbulu komissiyası” fəaliyyət göstərir. Müraciət edən şəxslərin baza diplomlarının həqiqiliyinin müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyinə araşdırılmaya göndəririk. Yenidənhazırlanma təhsili almaq üçün müraciət edənlərin baza təhsili diplomlarının uyğun olub-olmaması ilə bağlı müvafiq qaydada yoxlamalar aparılır və fənn fərqi imkan verən şəxslərin yenidənhazırlanma təhsili almasına icazə verilir. Təkrar ali təhsildə də, həmçinin müraciət edənlərin baza diplomlarının həqiqiliyi ilə bağlı Təhsil Nazirliyinin razılığı əldə edildikdən sonra müraciət edən şəxslər tələbələrimiz sırasına qəbul edilimiş olur. Sentyabrın 11-dən sonra nəticələr açıqlanacaq”, - deyə S.Tanrıverdiyev bildirib.