ELM VƏ TƏHSİL


UNEC-də tələbə təşkilatlarının rəhbərləri ilə görüş keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Professor Ədalət Muradov tələbələrin IV modulda imtahanların təşkili ilə bağlı rektorun rəsmi elektron poçtuna və feysbuk səhifəsinə ünvanladıqları, eləcə də tələbə rektor Cavidan Adilzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Tələbə Gənclər Təşkilatının sədri Əli Əliyev, “UNEC Könüllüləri” təşkilatının sədri Orxan Vəliyev, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəylinin səsləndirdikləri müraciətləri və sualları çavablandırıb.

Rektor ənənəvi imtahanlarda olduğu kimi, tələbələrə qeyri-ixtisas və riyazi fənlərin test suallarının veriləcəyini, ixtisas fənlərinin suallarının isə məxfi saxlanılacağını deyib. Bildirib ki, təkrar imtahanlara görə ödənişlər olmayacaq. İmtahandan əvvəl tələbələrə məsləhət saatları təşkil olunacaq, imtahanlararası müddətin, eləcə də riyazi-statistik imtahanların vaxtının artırılması məsələsinə baxılacaq. İmtahan sualları yalnız sillabuslardakı mövzuları əhatə edəcək, sillabusdan kənar mövzu üzrə sual olarsa, apelyasiya qərarı maksimum balla tələbənin xeyrinə olacaq.

Milli Məclisin deputatı, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev universitetdə mərhələli şəkildə aparılan islahatları daim müşahidə etdiyini, imtahanlarda şəffaflıq və obyektivliyin təmin olunmasına dəstək məqsədilə şura tərəfindən mütəmadi olaraq anonim sorğuların keçirildiyini, rektorun iştirakı olmadan “Açıq qapı” günlərinin təşkil edildiyini bildirib. O, tələbələrin müraciətlərinə hər zaman diqqətlə yanaşıldığını, yaranan problemlərin araşdırılaraq operativ həll edildiyini diqqətə çatdırıb. Deputat tələbələrə öz ixtisasları üzrə yüksək bilik və bacarıqlara malik mütəxəssis kimi yetişməyin vacib olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.