ELM VƏ TƏHSİL
UNEC-də təlim: İKT sahəsində istifadəçi bacarıqlarının təkmilləşdirilməsi
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Keyfiyyət ili” çərçivəsində professor-müəllim heyəti üçün “İKT sahəsində istifadəçi bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlimlərə start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, yanvarın 24-dək davam edəcək təlimlər universitetin rəqəmsal iqtisadiyyat və informasiya-kommunikasiya texnologiyaları kafedrasının baş müəllimləri Ülviyyə Rzayeva və Reyhan Əzizova tərəfindən keçirilir.
Təlimlərin keçirilməsində məqsəd informasiya-kommunikasiya texnologiyaları sahəsində zəruri biliklərin əldə olunması, istifadəçi bacarıqlarının formalaşdırılması və yüksəldilməsindən ibarətdir. Dördgünlük təlimlərdə professor-müəllim heyəti rəqəmsal mühitin istifadəçilər qarşısında açdığı imkanlar, tədris prosesinin elektron formada idarə olunması zamanı ortaya çıxan problemlər və onların həlli ilə bağlı məlumatlandırılacaq. Təlim iştirakçıları, həmçinin ofis texnologiyalarının tətbiqi ilə tədrisdə istifadə olunan didaktik və metodik materialların təşkili, elektron cədvəllərdə məlumatların axtarışı və şəbəkədə informasiyanın təhlükəsizliyi ilə tanış olacaqlar.