ELM VƏ TƏHSİL


UNEC-dən növbəti yenilik: virtual karyera yarmarkası

Bakı, 28 iyun, AZƏRTAC

UNEC-də ilk dəfə onlayn platforma üzərindən XIV karyera yarmarkası keçirilib.

Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. Karyera yarmarkasının açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov ilk dəfə onlayn keçirilən yarmarkanın gələcəkdə hər ay təşkil olunmasının nəzərdə tutulduğunu bildirib. Rektor məzunların işlə təmin edilməsinin UNEC-in strateji inkişafının əsas hədəflərindən biri olduğuna diqqət çəkib. O, məzunların əmək bazarında layiqli yer tapmasının universitetlərin keyfiyyət göstəricilərindən biri olduğunu deyib.

Bildirilib ki, bu il UNEC-dən 5165 tələbə (3478 bakalavr, 1678 magistrant) məzun olacaq. Ümumilikdə isə UNEC, Zaqatala filialı və UNEC nəzdindəki kolleclərdən 5674 məzun əmək bazarına vəsiqə alacaq. Rektor iş dünyasına təqdim edilən “UNEC2B” platformasından da söz açıb: “Platformaya əsasən, UNEC məzunlarına keyfiyyət zəmanəti verir, belə ki, məzunlar işə götürüldüyü halda, zəif tərəfləri aşkarlanarsa, universitet üç il ərzində onlara iş dünyasının tələbinə uyğun olaraq təlimlər keçəcək. Həmçinin iş müsahibəsi zamanı UNEC tələbələrinin zəif cəhətləri aşkar olunarsa, məzun olana qədər həmin zəifliyinin aradan qaldırılmasını da UNEC öz üzərinə götürür”.

Ə.Muradov keçənilki məzunların 66 faizinin işlə təmin edildiyini, bu rəqəmin artırılması üçün kifayət qədər potensialın olduğunu deyib. UNEC-in ötən il 31 şirkətlə görüşlər təşkil etdiyini, 9 qurumla əməkdaşlıq müqaviləsi imzalandığından söz açan rektor Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Agentliyin bazasında olan məlumatların UNEC-in elektron universitet modelinə inteqrasiya olunacağını vurğulayıb.

Rektor bu il keçirilən onlayn karyera yarmarkasında 3722 tələbə və məzunun qeydiyyatdan keçdiyini, ölkənin aparıcı şirkətləri tərəfindən 702 vakansiya, 54 təcrübə proqramının təqdim olunduğunu qeyd edib. O, karyera yarmarkasının faydalı olacağından əminliyini ifadə edərək, nəticələrin ictimaiyyətə açıqlanacağını bildirib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev UNEC-in son illərdəki inkişafını, eləcə də məzunların məşğulluğu ilə bağlı həyata keçirdiyi yenilikləri yüksək qiymətləndirib. Komitə sədri karyera yarmarkasının onlayn keçirilməsinin üstünlüklərindən danışıb, yeniliyin tətbiqinin gələcəkdə beynəlxalq şirkətlərin bu işə cəlb olunmasına böyük imkanlar yaratdığını bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli UNEC-in daim yeniliklərlə çıxış etdiyini bildirərək, virtual karyera yarmarkasını uğurlu platforma kimi qiymətləndirib. Agentliyin sədri təhsil və məşğulluğun əsas hədəflərini açıqlayıb, əmək bazarının tələb və təkliflərindən, universitetlərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən söz açıb.

Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva Müdüroğlu təmsil etdiyi qurumun gənclərin məşğulluğundakı rolundan və layihələrindən danışıb. O, Amerika Ticarət Palatasının UNEC-lə əməkdaşlığı çərçivəsində tələbə və məzunların palatanın tərkibinə daxil olan şirkətlərdə işə cəlb olunduqlarını və təcrübə proqramlarında iştirak etdiklərini diqqətə çatdırıb, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yangın UNEC-in iş dünyası ilə sıx əməkdaşlıq istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər və layihələr həyata keçirdiyini yüksək qiymətləndirib. O, onlayn karyera yarmarkasının məzunların məşğulluğunda, karyera qurmalarında faydalı olacağından əminliyini ifadə edib.

Sonra Azərbaycan İnsan Resursları Assosiasiyasının rəhbəri, UNEC məzunu Tural Məmmədov iş dünyasının tələbləri, məzunların fərdi və peşəkar keyfiyyətləri barədə çıxış edib. Bu istiqamətdə iş dünyasının universitetlərdən gözləntilərini açıqlayan T.Məmmədov UNEC-də yumşaq və sərt bacarıqların inkişaf etdirilməsi ilə bağlı kafedranın fəaliyyət göstərdiyini və fənlərin tədris olunduğunu qeyd edərək bu yeniliyi yüksək dəyərləndirib.

Sonda çıxış edənlər karyera yarmarkasının fəaliyyətinə uğurlar arzulayıblar.

Qeyd edək ki, karyera yarmarkası iyunun 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.