ELM VƏ TƏHSİL


UNEC dünya universitetlərinin reytinq sıralamasında

Bakı, 10 iyun, AZƏRTAC

QS Reytinq Agentliyi 2022-ci il üçün dünya universitetlərinin reytinq sıralamasını açıqlayıb. Builki reytinq sıralaması 93 ölkədən 6415 ən yaxşı universitet iştirak edib. Onlardan 1300-ü yüksək nəticə əldə edərək, dünya universitetlərinin reytinq sıralamasına daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq, bu il dünya universitetləri reytinqinə daxil olaraq, 1001-1200-cü yerlərdə qərarlaşıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünya universitetlərinin reytinqi 5 indikator əsasında müəyyən edilir. Bu sırada ək yüksək çəki “Akademik reputasiya” indikatoruna aiddir. Həmin indikator üzrə UNEC dünyanın ən yaxşı 501+ universiteti sırasında qərarlaşıb.

UNEC-in əldə etdiyi yüksək nailiyyətlərdən biri də “İşəgötürənlər reputasiyası” göstəricisi üzrə dünyanın ən yaxşı 501+ universiteti sırasına daxil olmasıdır. İşəgötürənlər arasında aparılan sorğu anketində 450 mindən çox iş adamı və menecer iştirak edib.

QS dünya reytinqində ən yüksək çəkiyə malik indikatorlardan biri də “İstinadların sayı” hesab olunur. Bu istiqamət 20 faiz çəkiyə malikdir və son beş ildə “Scopus” indeksli məqalələrə verilən istinadların sayı əsasında hesablanır. Müvafiq göstərici üzrə UNEC 601+ ən yaxşı nəticəni əldə edən universitetlər arasındadır.

2017-ci illə müqayisədə 2020-ci ildə UNEC-in professor-müəllim heyətinin “Scopus” bazasında olan məqalələrinə verilən istinadların sayı təxminən 286 faiz artıb. UNEC müəllimlərinin məqalələrinin 59,3 faizi yüksək təsir faktoru olan Q3 və Q4 kvartil jurnallarında çap edilib. Həmçinin UNEC-in professor-müəllim heyətinin elmi əsərlərinin təxminən 1/3 hissəsi beynəlxalq partnyorlarla birgə tədqiqatın nəticəsi olaraq çap edilib. Bu da UNEC-də elmi tədqiqatlar sahəsində beynəlmiləlləşmənin bariz nümunəsi hesab edilə bilər.

Ümumilikdə UNEC 2015-2021-ci illər ərzində QS reytinq təşkilatının sıralamalarında mövqeyini yaxşılaşdıran yeganə Azərbaycan universitetidir. 2020-ci illə müqayisədə UNEC 2022-ci ildə daha yaxşı nəticə əldə edərək təxminən 17 faiz irəliləyişə nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.