ELM VƏ TƏHSİL
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Türkiyənin İstanbul şəhərində keçirilən üçüncü Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsində (“EURIE-2018”) təmsil olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, 70 ölkədən 2 min 500-dən çox təhsil işçisinin qatıldığı zirvə toplantısında universiteti beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Turan Süleymanov təmsil edib.
Dünyanın 250 aparıcı ali təhsil müəssisəsinin stendinin yer aldığı “EURIE-2018”də UNEC-in guşəsi sərgi iştirakçılarının xüsusi marağına səbəb olub. Malayziya ali təhsil naziri Idris Jusoh, Avrasiya Universitetlər Birliyinin prezidenti, professor Mustafa Aydın və İstanbul Aydın Universitetinin rektoru, professor Yadigar İzmirli də UNEC-in stendini ziyarət edənlər sırasında olub.
Dünya təhsil bazarında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq ölkəmizdə iqtisadyönümlü təhsil almaq istəyən ziyarətçilər UNEC-in Biznes Məktəbinə, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə, Türk Dünyası İşlətmə Fakültəsinə, Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulla bağlı suallar ünvanlayıblar. Onlar UNEC-ə əcnəbi tələbələrin cəlb olunması istiqamətində həyata keçirilən yeniliklərlə maraqlanıblar.
UNEC-in stendi digər iştirakçı universitetlərin də diqqətini cəlb edib. Azərbaycanın təhsil məkanına inteqrasiya etməyi hədəfləyən dünyanın bir neçə aparıcı universiteti bu istiqamətdə UNEC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Üç gün davam edən Avrasiya Ali Təhsil Zirvəsində beynəlmiləlləşmə, təhsil siyasəti, tələbə mübadiləsi proqramları, regional təlim strategiyaları, meyillər və imkanlar müzakirə olunub, ikitərəfli danışıqlar aparılıb.
“EURIE-2018” Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı və Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun dəstəyi keçirilib.