ELM VƏ TƏHSİL


UNEC evlərdən distant təhsilə başlayır

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant təhsilin evlərdən təşkilinə son hazırlıq vəziyyəti müzakirə olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, iclasda distant tədrisin evdən təşkili ilə bağlı virtual auditoriyaların yaradıldığı, bunun üçün əlavə olaraq 215 yeni lisenziyanın alındığı, tədris materiallarının, demək olar ki, 100 faiz müəllimlərin şəxsi kabinetlərinə və dərs cədvəllərinin isə müəllim və tələbələrin şəxsi kabinetlərinə yükləndiyi bildirilib. Həmçinin müəllimlər üçün virtual təlimlərin tamamlandığı, distant təhsilin idarəedilməsi üzrə virtual mərkəzin formalaşdığı və bütövlükdə aprel ayının 6-dan başlayaraq bakalavr və magistrantlar üçün bütün dərslərin evdən davam etdirilməsi üçün hazırlıq işlərinin tamamlandığı qeyd edilib.

Müzakirələrdə tələbələrin sərbəst işlərinin yazılması məsələsinə toxunulub. Bildirilib ki, aprel ayının sonuna kimi sərbəst işlərin yazılması müvəqqəti olaraq dayandırılır. Tələbələrin biliyinin qiymətləndirilməsi isə mövcud şərait nəzərə alınaraq təşkil olunacaq. “Coursera for Campus” və ACCA sertifikatlarını əldə edən tələbələrin də müvafiq fənlər üzrə biliyinin qiymətləndirilməsi ilə bağlı qaydalar ən qısa vaxtda onların şəxsi kabinetlərinə göndəriləcək.

Qiyabi təhsil alan yuxarı kurs tələbələrinin kəsr imtahanları distant təşkil olunacaq. Yay məktəbinin də distant formada keçirilməsinə hazır olmaq, eləcə də operativliyin təmin edilməsi məqsədilə dekanlıqların onlayn işinin təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

“Web of Science” və ya “Scopus”da indeksləşmiş mənbədə tək müəllif olaraq məqaləsi və ya konfrans tezisi dərc edilən UNEC bakalavrları yekun dövlət attestasiyasından azad olunacaq. Həmçinin UNEC magistrinin tək müəllifliyi ilə dissertasiya mövzusuna uyğun mövzuda və impaktı 0.5-dən az olmayan “Web of Science” və ya “Scopus”da indeksləşmiş mənbədə dərc olunan məqaləsi magistr dissertasiyasının müdafiəsi kimi qəbul ediləcək.

Milli Məclisin deputatı Etibar Əliyev UNEC-in mövcud durumda operativliyini yüksək qiymətləndirərək, görülən işlərin təhsilin fasiləsizliyinin təmin olunmasına xidmət etdiyini deyib: “Onlayn keçirilən iclasa UNEC İctimai Şurasının koordinatoru kimi qoşuldum. Yaranmış vəziyyətlə əlaqədar ali məktəb üçün əhəmiyyət daşıyan adminstrativ heyətin işinin təşkili və perspektivlərlə bağlı məsələlərin geniş müzakirəsi keçirildi. İclasda müzakirə olunan məsələlər sırasında 215 virtual auditoriyaya lisenziyanın alınması, müəllimlərin distant təhsilə qoşulmalarında onların texniki imkanlarının vəziyyətinin öyrənilməsi ilə bağlı sorğuların keçirilməsi, evlərdən təhsilin qurulması, imtahanların keçirilmə qaydaları, elektron kitabxananın zənginləşdirilməsi, müəllimlərə təlimlərin təşkili, distant təhsilin keyfiyyətinin yaxşılaşdırılması yolları diqqətimi çəkdi. Artıq bir neçə ildir ki, UNEC distant təhsilin tətbiqi istiqamətində sistemli iş aparır. Bu işin çətinliyinə baxmayaraq, UNEC nümunə göstərə bilir. Düşünürəm ki, yaxın gələcəkdə distant təhsil ənənəvi təhsili tamamlamaqla və zənginləşdirməklə ölkəmizdə insan kapitalının inkişafına töhfə verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.