ELM VƏ TƏHSİL
UNEC gənclər üçün əmək yarmarkası təşkil edib VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Bakıda “Gənclər üçün əmək yarmarkası – 2019” keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-yə yaxın şirkət və qurum tələbə, magistr, məzun, eyni zamanda, əlilliyi olan şəxslər üçün 300-dən çox vakant iş yeri və təcrübə proqramı təklif edilib. Əmək yarmarkasında daha çox iqtisadiyyat, maliyyə, bank, eləcə də qida, inşaat sektorundan nümayəndələr təmsil olunub. Yarmarkaya işlə bağlı müraciət edən tələbə və magistrlər müvafiq işlə təmin edildiklərindən razı qaldıqlarını bildiriblər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev 2006-cı ildən keçirilən əmək yarmarkasının təşkilini məşğulluğa müsbət təsir edən uğurlu layihə adlandırıb. Şirkətlərin və vakansiyaların sayının ildən-ilə artdığını qeyd edən nazir müavini əmək yarmarkaları vasitəsilə minlərlə gəncin daimi iş yeri və mövsümi işlərlə təmin olunduğunu diqqətə çatdırıb.
UNEC-in rektoru, professor Ədalət Muradov əmək yarmarkasının gənclərin öz ixtisaslarına uyğun iş tapmasında mühüm rol oynadığını bildirib: “Bu yarmarkada tələbələr istək və bacarıqlarına uyğun seçim imkanı qazanırlar. Biz əmək yarmarkasında vakansiya təqdim edən şirkətlərin tələblərini öyrənərək tədris proqramında zəruri dəyişikliklər edəcəyik. Əminəm ki, yarmarkada iştirak edən tələbələrimizin böyük əksəriyyəti işlə təmin olunacaq, digərləri isə təcrübə toplayacaqlar”.