ELM VƏ TƏHSİL
UNEC ikili diplom proqramlarının sayına görə ölkə universitetləri arasında liderdir VİDEO
Bakı, 3 iyul, AZERTAC
İyulun 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Fransanın Monpelye və ABŞ-ın Linkoln universitetləri, Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə ikili diplom proqramlarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. O, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə uyğunlaşdırılmasının, xarici mütəxəssislərin cəlb olunması yolu ilə ali təhsilin daha da təkmilləşdirilməsinin və yeni təhsil mühitinin yaradılmasının Dövlət Proqramının əsas hədəflərindən olduğunu diqqətə çatdırıb. İqtisad Universitetinin ikili diplom proqramlarından söz açan nazirlik rəsmisi UNEC-in ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının sayına görə lider olduğunu vurğulayıb.
Fransanın ölkəmizdəki səfirliyinin müşaviri Yohan Şitter ölkəsinin ikili diplom proqramları istiqamətində səmərəli strategiyası olduğunu bildirib. UNEC-in Monpelye Universiteti ilə uğurlu ikili diplom proqramı reallaşdırdığını diqqətə çatdıran səfirlik rəsmisi proqramın əhəmiyyətindən danışıb. O, proqramda iştirak edən UNEC tələbələrinin potensialının çox yüksək olduğunu və ən yaxşı nəticələr göstərdiklərini deyib.
Tədbirdə UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı reallaşdırması münasibətilə ABŞ ali məktəbinin rektorunun təbrik videoçarxı nümayiş olunub.
UNEC-in Fransanın iki aparıcı universiteti ilə ikili diplom proqramı reallaşdırdığını bildirən tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev bu istiqamətdə Fransa səfirliyi tərəfindən UNEC-ə hər zaman dəstək göstərildiyini qeyd edib. Sonra Anar Rzayev yeni tədris ilindən reallaşdırılacaq ikili diplom proqramları barədə təqdimatla çıxış edib. O, Parisdə yerləşən, Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə bakalavr, ABŞ-ın Linkoln Universiteti və Fransanın Monpelye Universiteti ilə MBA və magistratura pilləsi üzrə ikili diplom proqramlarının şərtlərini açıqlayıb.
Tədbirdə bildirilib ki, UNEC hazırda London Universiteti London İqtisadiyyat Məktəbi, Fransanın Monpelye, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) universitetləri ilə ikili diplom proqramı reallaşdırır. Ötən il Monpelye Universitetindən UNEC-in 5 tələbəsi, bu il isə 13 tələbəsi məzun olub. Magistr pilləsi üzrə İsveçrənin UBİS Universitetindən məzun olan UNEC-in 4 magistrinə diplomlar təqdim olunub. Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə isə ikili diplom proqramı artıq yekun mərhələsindədir.
Sonda suallar cavablandırılıb.