ELM VƏ TƏHSİL
UNEC ilə Türkiyənin Atılım Universiteti arasında memorandum imzalanıb
Bakı, 13 fevral, AZƏRTAC
Türkiyənin Atılım Universitetinin rektoru, professor Yıldırım Üçtuğ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə bu ali məktəb ilə Atılım Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, iki universitet arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub. Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev UNEC-in fəaliyyəti barədə ətraflı məlumat verib, beynəlxalq əlaqələrin genişləndirilməsinin ali məktəbin strateji hədəflərindən olduğunu qeyd edib. UNEC-in dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramları reallaşdırdığını və əməkdaşlıq etdiyini diqqətə çatdıran prorektor bu istiqamətdə Türkiyə universitetləri ilə də əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. O, UNEC-in ölkədə Türkiyə türkcəsində təhsil verən yeganə ali təhsil müəssisəsi olduğunu vurğulayıb.
UNEC-in Quba tədris, idman və istirahət kompleksində təşkil olunan qış məktəbində professor-müəllim heyətinə təlim keçmək məqsədilə Azərbaycana səfər etdiyini bildirən professor Yıldırım Üçtuğ UNEC-də olmaqdan məmnunluğunu ifadə edib. Təlim zamanı universitetin heyətinin yüksək pedaqoji potensialını müşahidə etdiyini vurğulayan rektor, UNEC-lə təcrübə mübadiləsinin hər iki ali məktəb üçün faydalı olacağını bildirib. Rektor Atılım Universiteti barədə qısa məlumat verib. Bildirib ki, universitet fəaliyyət göstərdiyi qısa zamanda “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub.
Görüşdən sonra rektor Yıldırım Üçtuğ UNEC-in tədris binası, maddi texniki bazası, UNEC Ekstern Mərkəzi, 24/7 kitabxanası ilə tanış olub.