ELM VƏ TƏHSİL
UNEC-in Prezident təqaüdçüləri: Seçimimizdən məmnunuq
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Oriyentasiya günü” təşkil olunub.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, artıq ənənə halı alan və dünyanın aparıcı universitetlərində də xüsusi qeyd olunan “Oriyentasiya günü”nün məqsədi birinci kurs tələbələrini ali təhsil ocağının həyatı ilə tanış etmək, ilk günün təəssüratlarını zənginləşdirmək, yuxarı kurs tələbələri ilə birlikdə pozitiv anlar yaşamaqdır.
Universitetin bütün tədris binalarında UNEC-in tarixi, tədris prosesi, beynəlxalq əlaqələri, ikili diplom, mübadilə və təqaüd proqramları barədə videoçarx nümayiş olunub. Universitetin könüllülərindən ibarət məlumat və bələdçi xidməti tələbə və valideynləri maraqlandıran suallara cavab verməklə yanaşı, onlar üçün ali məktəbin ərazisində infoturlar da təşkil edib. İlk dəfə auditoriyada əyləşmək sevincini yaşayan tələbələr “Elektron universitet” modelini maraqla qarşılayıblar. Startap layihələrini İnnovativ Biznes İnkubatorda reallaşdıra biləcəklərini öyrənən gənclər UNEC-in tələbələrinə yaratdığı imkanlardan məmnun qaldıqlarını ifadə ediblər.
Qəbul imtahanlarında 700 bal toplayaraq UNEC-ə qəbul olan Prezident təqaüdçüləri Cavad Əliyev və Arzu Məmmədzadə ixtisas seçimindən əvvəl universitetdə keçirilən dərslərdə iştirak etdiklərini bildiriblər. Diqqətə çatdırıblar ki, onlar universitetlə tanışlıqdan sonra UNEC ailəsinin üzvü olmağa qərar veriblər və seçimlərindən məmnundurlar.
“Oriyentasiya günü”ndə UNEC-in yaradıcılıq mərkəzinin üzvləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər. Eyni zamanda, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi də nümayiş olunub. Vokal, rəqs, bədii qiraət və rəssamlıq bacarığı olan birinci kurs tələbələrinə mərkəzinə üzvlük qaydaları izah edilib. Həmçinin karyera guşəsində tələbələrə seçdikləri ixtisasların əmək bazarındakı əhəmiyyəti barədə ətraflı məlumat verilib, peşəkar mütəxəssis kimi formalaşmaq istiqamətində tövsiyələr olunub. UNEC-in beynəlxalq əməkdaşlıq departamentinin nümayəndələri tələbələrə universitetin beynəlxalq əlaqələr sahəsindəki uğurlarından söz açıb, mövcud proqram və layihələrdən bəhs ediblər.