ELM VƏ TƏHSİL
UNEC-in Zaqatala filialının təşkilatçılığı ilə keçirilən olimpiadanın qalibləri mükafatlandırılıb
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının təşkilatçılığı ilə X-XI sinif şagirdləri arasında yeddi fənn üzrə olimpiada keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, ana dili, fizika, riyaziyyat, ingilis dili, coğrafiya, tarix, informatika fənləri üzrə filialın müəllimlərinin Dövlət İmtahan Mərkəzinin standartlarına uyğun hazırladıqları suallar əsasında təşkil olunan olimpiadada Zaqatala, Qax və Balakən rayonlarının məktəbliləri iştirak ediblər. Olimpiadanın nəticələri açıqlandıqdan sonra qaliblər Zaqatala filialına dəvət olunublar.
Filialın direktoru, professor Orucəli Rzayev qalibləri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. Filial barədə məktəblilərə ətraflı məlumat verən O.Rzayev yeni tədris ilindən burada tələbə qəbulunun birinci və ikinci ixtisas qrupu üzrə aparılacağını diqqətə çatdırıb. O, filialda iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, mühasibat uçotu və audit ixtisasları ilə yanaşı, bu tədris ilindən menecment, marketinq, informasiya texnologiyaları ixtisasları üzrə də qəbulun aparılacağını deyib.
Filialdakı yenilikləri müsbət qarşılayan məktəblilərin sualları cavablandırılıb.
Sonda olimpiada qaliblərinə diplom və hədiyyələr təqdim olunub.