ELM VƏ TƏHSİL


UNEC-in kollektivi şəhid Hüseyn Muradovun ailəsini ziyarət edib

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Vətən müharibəsində şəhid olan UNEC məzunlarının ailələrini ziyarət edirlər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, kollektiv şəhid Hüseyn Muradovun Keşlə Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, sonra şəhidin ailəsinə baş çəkiblər.

Şəhidin anası Hüseynin mehriban, vətənpərvər, qayğıkeş və istiqanlı gənc olduğunu deyərək, onunla bağlı xatirələrini bölüşüb: “Məktəbdə əla qiymətlərlə oxuyurdu, tarix fənnini isə daha çox sevirdi. Əvvəl məktəb, sonra isə Bakı şəhəri üzrə fənn olimpiadasının qalibi oldu. Elə məktəbi bitirdiyi il universitetə qəbul oldu. Tez-tez deyirdi ki, bir gün gələcək hamınız mənimlə fəxr edəcəksiniz”.

Şəhidin atası Hüseynlə həm ata, həm də dost kimi çox yaxın olduğunu deyib. Qardaşı isə Hüseynlə sonuncu dəfə danışığını xatırlayıb: “Oktyabrın 8-də Hüseynlə telefonla danışdıq. Dedi ki, bu gün döyüşə çıxacağıq, gəl səni də görüm. Mən getdim, lakin postdan buraxmadılar. Bilsəydim ki, bu onunla son görüşüm olacaq, bir yol tapıb görüşünə gedərdim. Qardaşım elə həmin gün Hadrut istiqamətində gedən döyüşlərdə şəhid oldu. Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub”.

Fakültə dekanı Asiman Quliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə universitetdə aparılan tədbirlərdən söz açıb. Onların xatirəsinin daim əziz tutulacağını bildirib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın həyat yolunun hər bir gənc üçün örnək olduğunu, adlarının xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Sonda H.Muradovun adına hazırlanan Fəxri fərman şəhidin anasına təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.