ELM VƏ TƏHSİL
UNEC-in məzunları Azərbaycan iqtisadiyyatına misilsiz töhfələr verəcək
Bakı, 1 iyul, AZƏRTAC
Bu il Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) 4378 məzun bitirib. Onlardan 3199-u bakalavr, 1179-u isə magistrdir.
Bu barədə UNEC-də keçirilən “Məzun günü”ndə məlumat verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov məzun adını qazanan bütün tələbələri təbrik edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor azərbaycanlı tələbələrin cəmiyyətin fəal və ayrılmaz bir hissəsinə çevrildiyini diqqətə çatdırıb. O, ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında UNEC-in tələbələrinin təmsil olunmasını qürurverici hal adlandırıb. Gənclərə karyeralarında uğurlar arzulayan rektor onlara seçdikləri ixtisasa daim sevgi ilə yanaşmağı tövsiyə edib.
UNEC-in fəxri məzunu kimi dəvət olunmaqdan məmnunluğunu ifadə edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tələbəlik illərindən söz açıb. UNEC-in son dövrdəki uğurlarını, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını, beynəlxalq reytinqlərdə yer almasını sevinclə izlədiyini bildirən M.Musayev ölkənin bilikli və bacarıqlı gənclərə, iqtisadçılara ehtiyacı olduğunu diqqətə çatdırıb. O, məzunların Azərbaycan iqtisadiyyatının inkişafına misilsiz töhfələr verəcəyinə əminliyini vurğulayıb.
Universitetin ən yüksək bal (98,6) toplamış məzunu Aida Həsənovanın adı UNEC-in fəxri daşına həkk edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu olan A.Həsənova UNEC-in tələbəsi olmağın üstünlüklərindən danışıb.
Sonra səhnəyə UNEC-in bayrağı gətirilib və məzunlar təntənəli şəkildə and içiblər. Ənənəvi “papaqatma” mərasimi atəşfəşanlıqla müşayiət olunub.