ELM VƏ TƏHSİL
UNEC-in professoru Polosk Dövlət Universitetində iki fəndən mühazirə oxuyub
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya Federasiyasının və Azərbaycanın iqtisad elmləri doktoru Elnur Sadıqov Belarusun Polosk Dövlət Universitetində mühazirə deyib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Elnur Sadıqov Polosk Dövlət Universitetinin Maliyyə-iqtisad fakültəsində, 11 ölkədən həmin ali məktəbdə təhsil alan magistrlərə dünya ölkələrinin bank sistemi və beynəlxalq valyuta kredit münasibətləri fənlərini tədris edib. Dərslər zamanı professor magistrlərin çoxsaylı suallarını cavablandırıb, dünya valyuta sisteminin təkamülündən və banklararası elektron hesablaşmaların üstünlüklərindən bəhs edib. Mühazirədə dünya ölkələrinin bankları arasında aparılan əməliyyatların daha da sürətləndirilməsi üçün qabaqcıl dövlətlərin təcrübəsindən istifadə edilməsinin təkmilləşdirilməsi xüsusi qeyd edilib.
Universitetin rəhbərliyi bildirib ki, UNEC professorunun dövrü olaraq mühazirələr aparması hər iki ali məktəbin Avropa təhsil sisteminə inteqrasiyasının bariz nümunəsidir. Eyni zamanda, bu təşəbbüsün iki ölkə arasında humanitar sahədə əməkdaşlığın dərinləşməsinin göstəricilərindən biri olduğu vurğulanıb.