ELM VƏ TƏHSİL


UNEC-in rektoru: Məmmədhəsən Meybullayev islam iqtisadiyyatının tədqiq edilməsində əvəzolunmaz alimdir

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.

Universitetdən AZƏRTAC- bildirilib ki, rektor Ədalət Muradov M.Meybullayevi islam iqtisadiyyatının tədqiq edilməsində əvəzolunmaz alim adlandırıb. Rektor, alimin böyük iqtisadçılar nəslinin formalaşmasında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə görkəmli iqtisadçı alimin apardığı aktual tədqiqatlardan söz açıb. Akademik M.Meybullayevin islam iqtisadiyyatı, milli gəlirin təkrar istehsalı sahəsində apardığı tədqiqatlarının ölkə üçün böyük elmi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Akademik Vasim Məmmədəliyev yubilyarı iqtisadi bilikləri mənəvi-dini dəyərlər istiqamətində tədqiq edən alim kimi xarakterizə edib. Akademik M.Meybullayevin “İslam iqtisadiyyatı” monoqrafiyasında islam ölkələrinin sosial-iqtisadi inkişaf meyillərinin əsaslı şəkildə tədqiq edildiyini bildirib.

UNEC-in iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov, nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri, professor Ümidvar Əliyev və digər çıxış edənlər alimin elmi-pedaqoji fəaliyyətindən söz açıblar. Çıxış edənlər Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif illərdə dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışan alimin 200-dən çox elmi əsərin, altı monoqrafiyanın, doqquz dərs vəsaitinin, dörd dərsliyin müəllifi olduğunu qeyd ediblər. Əməkdar Müəllim, görkəmli iqtisadçı, fədakar insan M.Meybullayevin nəinki elmi-pedaqoji fəaliyyəti, həmçinin ictimai həyatda öz obyektivliyi, prinsipiallığı və tələbkarlığı ilə böyük nüfuz qazandığını bildiriblər.

Tədbirdə UNEC-in İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin M.Meybullayevin adını daşıması təklif olunub. M.Meybullayev adına İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbərliyi UNEC-in iqtisadiyyat (rus dilində) kafedrasının dosenti, alimin qızı Sərvinaz Xanlarzadəyə həvalə edilib.

Atası barədə xatirələrini bölüşən S.Xanlarzadə görkəmli alimin ideyalarını davam etdirməkdən qürur duyduğunu bildirib. Ona göstərilən etimada görə təşəkkür edən S.Xanlarzadə bundan sonra da islam iqtisadiyyatının araşdırılması istiqamətində yorulmadan çalışacağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.