ELM VƏ TƏHSİL
UNEC-in tələbələri ölkəmizi Londonda keçirilən dünya çempionatında təmsil edəcəklər
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ölkəmizi Londonda keçirilən dünya çempionatında təmsil edəcək “Enactus UNEC” komandasının üzvləri ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor “Enactus” beynəlxalq proqramının bu günün və gələcəyin biznes liderlərini bir araya toplamaqla yanaşı, tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmək imkanı verdiyini söyləyib. O, layihənin Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunun artırılması, onların sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, azad sahibkarlıq ideyasının tələbələr arasında təbliği, təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından da əhəmiyyətini vurğulayıb.
Ə.Muradov, “Enactus” dünya kubokunda müxtəlif ölkələrin ən qabaqcıl şirkət nümayəndələrin iştirak etdiklərini bildirib, tələbələrin gənc sahibkar kimi bu qurumlarla əməkdaşlığının mümkünlüyündən söz açıb. UNEC tələbələrinin daima öz savad, intellekt, bacarıq və vətənpərvərlikləri ilə seçildiklərini vurğulayan rektor, onların bu mötəbər çempionatda da Azərbaycanı layiqincə təmsil edəcəklərinə əminliyini bildirib, gənclərə uğurlar arzulayıb.
Görüşdə Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrindən ibarət “Enactus UNEC” komandasının üzvləri səfər hazırlığı ilə bağlı görülən işlərdən danışıblar.