ELM VƏ TƏHSİL
UNEC-in təmsilçiləri iki yüzdən çox məktəbdə görüşlər keçiriblər
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti 200-dən çox məktəbdə görüşlər keçirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Bakı, Göyçay, İsmayıllı, Quba, Şabran, Zaqatala, Siyəzən, Qəbələ, Şəki, Ağdaş və Mingəçevirin qabaqcıl məktəblərində keçirilən görüşlər yuxarı sinif şagirdlərinə UNEC barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədi daşıyıb.
Müəllimlər yuxarı sinif şagirdlərinə regionun ən böyük iqtisadyönümlü və Azərbaycanın dörd dildə təhsil verən yeganə ali təhsil müəssisəsi olan UNEC barədə ətraflı məlumat veriblər. Bildirilib ki, universitetə qəbul Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanları ilə yanaşı, həm də beynəlxalq SAT proqramı vasitəsilə həyata keçirilir. Diqqətə çatdırılıb ki, son iki ildə ikinci ixtisas qrupu üzrə ən yüksək bal toplayan abituriyentlər məhz UNEC-i seçiblər.
Görüşlərdə UNEC-də tətbiq edilən yeniliklər də səsləndirlib. Qeyd edilib ki, 600-dən yüksək bal toplayaraq UNEC-ə qəbul olan tələbələrə bir semestr boyunca xüsusi təqaüd verilir. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. UNEC Avropanın ən nüfuzlu iqtisadyönümlü ali məktəbi olan London Universiteti/London İqtisad Məktəbi və Fransanın Montpelye Universiteti ilə ikili diplom proqramı həyata keçirir. UNEC-in tələbəyə verdiyi üstünlüklərdən biri də UDİD proqramı ilə dörd ilə iki ixtisasa sahib olmaqdır.
Məktəblilərə abituriyentlər arasında çox populyar olan “UNEC-də bir gün” layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində bu tədris ilində 60-dan çox məktəbin 1000-ə yaxın şagirdi UNEC-də “birgünlük tələbə” olub.
Görüşlərdə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanılıb.
Qeyd edək ki, daha öncə UNEC-in professor-müəllim heyəti Gürcüstandakı Azərbaycan məktəblərində də görüşlər keçirib.