ELM VƏ TƏHSİL
UNEC sosial layihələrə başlayır
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) onlayn iclası keçirilib.
UNEC-dən AZƏRTAC-s bildirilib ki, iclasda koronavirus pandemiyasının yaratdığı şəraitdə distant formada keçirilə biləcək tədbirlər haqqında müzakirə aparılıb və onlayn tədbirlər planı hazırlanıb.
Görüşdə sosial durumu aşağı olan tələbələrə diqqətin daha da artırılması üçün təkliflər səsləndirilib.
THİK sədri Rüfət Süleymanlı ölkədə koronavirusla bağlı yaranan durumu nəzərə alaraq, komitənin fəaliyyətinin bütünlüklə onlayn təşkil olunacağını qeyd edib. UNEC-də tətbiq olunan yeniliklərin və universitet barədə məlumatların mütəmadi olaraq işıqlandırılması və geniş ictimaiyyətə çatdırılması məqsədilə THİK-in sosial şəbəkələrdəki səhifələrinin daha da operativləşdirilməsinin vacibliyi bildirilib, eləcə də mövcud durumla bağlı maarifləndirici sosial layihələr hazırlanmasının önəmi diqqətə çatdırılıb.