ELM VƏ TƏHSİL
UNEC tələbələri yarışda biznesmen və məmurlara qalib gəliblər
Bakı, 25 fevral, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Rusiyanın “Opora Rossii” təşkilatı tərəfindən Azərbaycanda ilk dəfə praktiki vərdişləri aşılayan “Zavod” biznes-simulyasiyası üzrə oyun-yarış keçirilib. Yarışda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri də iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sahibkarlar və nazirliklərin əməkdaşlarının da qatıldığı tədbirdə UNEC-in Rus İqtisad Məktəbinin (RİM) tələbələri həm könüllü, həm də yarışan qismində fəallıq nümayiş etdiriblər. 5 komanda arasında sırf UNEC tələbələrindən (bəzi tələbələr digər komandaların tərkibində oynayıblar) ibarət komanda üçüncü yeri tutaraq, biznesmenlər və məmurlardan ibarət iki komandanı üstələyə biliblər.
Bundan başqa, UNEC RİM-in iki tələbəsi - Nərgiz Ramazanova və Məryəm İsrafilova “marketoloq” rolunu, bir tələbəsi - Məryəm Qubanova isə şirkət rəhbərinin müavini vəzifəsini gözəl icra etdikləri üçün ayrıca sertifikatla mükafatlandırılıblar.
Bütün bunlar göstərir ki, UNEC-də ixtisas bilikləri və vərdişlərinin tədrisi və interaktivliyində uğurlar əldə edilməkdədir.