ELM VƏ TƏHSİL
UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Absheron Hotel Group” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd UNEC-in rektoru, professor Ədalət Muradov və “Absheron Hotel Group”un direktoru Georg Kobos tərəfindən imzalanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi Azərbaycanın daim artan turizm potensialına insan resursları istiqamətində töhfə qazandırmaq, birgə fəaliyyət sayəsində peşəkar mütəxəssislər hazırlamaqdır.
Əməkdaşlıq çərçivəsində turizm və otelçilik ixtisası üzrə tədrisin müasir bazar şərtlərinə uyğunlaşdırılması, tələbələrin real iş mühiti ilə tanış olması, turistlərlə münasibətlərin qurulmasında təcrübi bilik və bacarıqların qazanılmasına dəstək göstəriləcək. Turizm və otelçilik sənayesinin çoxşaxəliliyini nəzərə alaraq, tələbələrin karyera planlamalarında müvafiq mentorluq məsləhəti veriləcək.
Əməkdaşlığın digər istiqaməti isə tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübəsinin təşkilinə dəstək göstərməkdir. Bu məqsədlə UNEC-in tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə cəlb olunmaqla biliklərini artıracaqlar. Həmçinin UNEC-in Zaqatala filialında turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin şirkətin regional otellərində təcrübəyə və işə cəlb edilməsinə şərait yaradılacaq. İl ərzində turizm sahəsində çalışan ekspertlərlə professor-müəllim heyəti və tələbələrin görüşləri, ustad dərsləri təşkil ediləcək. Bundan əlavə, UNEC-də keçirilən beynəlxalq konfranslara xarici ölkələrdən dəvət olunan nümayəndələrin iştirakı da şirkət tərəfindən təmin ediləcək.
Rektor Ədalət Muradov universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib. Bildirilib ki, UNEC-də real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. Rektor turizm sahəsi üzrə mütəxəssis hazırlığında, eləcə də tələbə və məzunların işlə təmin olunmasında bu əməkdaşlığın faydalı olacağını bildirib.
“Absheron Hotel Group” şirkətinin direktoru Georg Kobos UNEC ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd edib. Real sektorun nümayəndəsi kimi təhsil sahəsinə dəstək göstərməkdən məmnunluğunu ifadə edən Georg Kobos hazırda turizm sektorunun bir çox istiqamətləri üzrə kadrlara ehtiyac duyulduğunu deyib. O, həmçinin bildirib ki, dinamik inkişaf edən turizm və otelçilik sahəsində əməkdaşlığın qurulması universitet tələbə və məzunlarının məşğulluğu üçün geniş imkanlar yaradacaq.
Tədbirdə “Absheron Hotel Group” haqqında təqdimat olub.
UNEC-in Zaqatala filialının rəhbərliyi, professor-müəllim və tələbə heyəti əməkdaşlıq görüşünü videobağlantı ilə canlı izləyiblər.