ELM VƏ TƏHSİL


UNEC və Türkiyə Universitetlərinin əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası Araşdırmalar Vəqfınin (TDAV) dəstəyi ilə “UNEC və Türkiyə universitetlərinin əməkdaşlıq istiqamətləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov rəhbərlik etdiyi universitetdə Türkiyə türkcəsində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biri adlandırıb. Türk dilində tədrisin TDAV-nin mərhum rəhbəri, professor Turan Yazganın təşəbbüsü ilə yaradıldığını qeyd edən rektor türk dünyası iqtisad fakültəsinin (TUDİFAK) hədəflərindən söz açıb: “Hədəfimiz TUDİFAK-ın türk dünyasına və dünya miqyasında keyfiyyət tələblərinə cavab verə biləcək təhsil məkanına çevrilməsidir. Son hədəf isə fakültə bazasında yeni universitet yaradılması və türk dünyası gənclərinin həmin universitetdə təhsil almasına şərait yaratmaqdır”. Fakültədə bu ildən yeni ixtisasların açıldığını bildirən rektor ötən dövrlərlə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayının artdığını qeyd edib. Ə.Muradov TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyini vurğulayıb.

UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyindən söz açan rektor birgə dərsliklərin hazırlanması və elmi məqalələrin tanınmış dərgilərdə çap olunmasının hər iki ölkənin təhsilinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını bildirib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərindən söz açıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu deyən səfir iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Türkiyədə təhsil alan azərbaycanlıların sayının ildən-ilə artdığını qeyd edən səfir bu istiqamətdə universitetlərin əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb. “Hədəfimiz hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəldilməsidir”, - deyən türkiyəli diplomat konfransın bu istiqamətə töhfə verəcəyinə əminliyini bildirib.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ölkəsinin bütün sahələrdə Azərbaycanı dəstəklədiyini bildirib. Bu münasibətlərin təməlinin tarixi köklərlə bağlı olduğunu söyləyən M.Kasapoğlu ümummilli lider Heydər Əliyevin müvafiq istiqamətdə əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Nazir Azərbaycanın hərtərəfli inkişafını izlədiyini vurğulayaraq, hər iki dövlət arasında imzalanan mühüm iqtisadi layihələrdən söz açıb.

Türkiyə parlamentinin deputatı Şamil Ayrım professor Turan Yazğanın elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edib. T.Yazganın milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsi üçün böyük səylər göstərdiyini xatırladan Ş.Ayrım məhz belə gənclərin sayəsində Azərbaycanla yanaşı, Türkiyənin də problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunacağına əminliyini bildirib.

İstanbul universitetinin rektoru, professor Mahmud Ak mərhum professor Turan Yazğanın həyat və fəaliyyətindən bəhs edib. Onun türk dünyasında, o cümlədən Azərbaycanda təhsilin inkişafına böyük önəm verdiyinə diqqət çəkərək, bu siyasətin əsas məqsədinin türk millətini birləşdirmək olduğunu söyləyib.

Konfransda Atatürk liseyinin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Beynəlxalq konfrans “UNEC və Türkiyə universitetlərində akademik fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində əməkdaşlıq istiqamətləri” mövzusunda panel müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.