İDMAN
UNEC voleybol komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birici Liqa Yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, final mərhələsində əvvəlcə üçüncü yer uğrunda görüşdə “Xətai” və “Gəncə” komandaları üz-üzə gəliblər. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Xətai” komandası yarışın bürünc medalına sahib olub.
Final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda UNEC 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi adını qazanıb. Həmçinin universitet təmsilçisi Azərbaycan Super Liqasına vəsiqə əldə edib.
Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov mükafatçıları təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Rektor qeyd edib ki, oyun gərgin və maraqlı şəraitdə keçib: “UNEC komandasını çempionluq münasibətilə təbrik edirəm. Azərbaycan Super Liqasına vəsiqə qazanan UNEC-in heyətinin gücləndirilməsi istiqamətində əlimizdən gələni edəcəyik. İnanıram ki, UNEC növbəti mövsümdə də uğurla çıxış edib azarkeşləri sevindirəcək”.
Mərasimdə Ə. Muradovla yanaşı, Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, UNEC-in prorektoru Mikayıl Zeynalov, UNEC-in idman klubunun sədri Mahmud Mustafayev, federasiyanın mətbuat katibi Şəfəq Kərimova və digərləri iştirak edərək qaliblərə medalları təqdim ediblər.