CƏMİYYƏT


UNEP: G20-nin təbiətin mühafizəsi ilə bağlı layihələrə illik investisiyaları ən azı 140 faiz artırılmalıdır

Bakı, 28 yanvar, AZƏRTAC

İqlim dəyişməsi, o cümlədən biomüxtəlifliyin itirilməsi və torpaqların tənəzzülü ilə bağlı problemlərin həlli üçün “böyük iyirmilik” ölkələri 2050-ci ilə qədər təbiətin mühafizəsi ilə bağlı layihələrə ildə 285 milyard dollar sərmayə qoymalıdırlar. Onların bu məqsədlərə indiki investisiyaları ildə 120 milyard təşkil edir. AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) təbiətin mühafizəsi üzrə layihələrin maliyyələşdirilməsi haqqında yeni məruzəsində deyilir.

Məruzənin müəllifləri hesab edirlər ki, biomüxtəlifliyin itirilməsi və torpaqların tənəzzülünün dayandırılması üçün 2050-ci ilə qədər beynəlxalq birlik təbiətin mühafizəsi ilə bağlı maliyyələşdirmədə 4,1 trilyon dollarlıq maliyyə boşluğunu doldurmalı olacaq. Bu isə o deməkdir ki, 2030-cu ilə qədər ümumdünya miqyasda təbiətin mühafizəsi ilə bağlı investisiyaların həcmini 3 dəfə, 2050-ci ilə qədər isə dörd dəfə artırmaq lazımdır.

Bununla belə, yeni məruzədə qeyd olunduğu kimi, 2020-ci ildə “böyük iyirmiliyin” investisiyaları bütün dünya üzrə təbiətin qorunmasına yönəlmiş maliyyə səylərin 92 faizini təşkil edirdi.

Lakin bu vəsaitlərin böyük hissəsi (87 faiz və ya 105 milyard ABŞ dolları) varlı ölkələr arasında bölünüb və milli proqramlara sərf olunur.

Bu gün təbiətin mühafizəsi üzrə layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan “böyük iyirmiliyin” investisiyalarının yalnız iki faizi yoxsul ölkələrin inkişafı məqsədilə rəsmi yardıma yönəldilmişdi.

UNEP ekspertləri güman edirlər ki, G20-nin təbiətin mühafizəsi ilə bağlı layihələrə illik investisiyaları 2050 ilə qədər biomüxtəliflik sahəsində bütün razılaşdırılmış məqsədlərə nail olmaq, torpaqların bərpası və iqlim dəyişməsi ilə mübarizə üçün ən azı 140 faiz artırılmalıdır. Başqa sözlə, ildə əlavə olaraq 165 milyard ABŞ dolları ayrılmalıdır.

“Özəl maliyyələşdirməni gücləndirmək üçün hökumətlər sabit və gözlənilən bazarların yaradılması yolu ilə təbiətin investisiya cəlbediciliyini artırmalıdırlar”, — deyə UNEP iqlim şöbəsinin müdiri İvo Malder vurğulayıb.

O güman edir ki, “dəyişikliklər, qida məhsullarının ətraf mühitə təsirini nəzərə alaraq onlara real qiymət ödənilməli olan istehlakçılar da daxil olmaqla, hamıya şamil olunmalıdır. Onun fikrincə, şirkətlər və maliyyə qurumları iqlim və təbiətlə bağlı maliyyə riskləri barədə məlumat verməlidirlər, hökumətlər isə kənd təsərrüfatında vergi siyasətini dəyişməli və tarif məhdudiyyətlərindən imtina etməlidirlər.

Məruzədə deyilir ki, COVID-19 böhranından sonra bərpa prosesi çərçivəsində dövlətlər təbiətin mühafizəsi ilə bağlı layihələrə cəlb edilən iqtisadiyyatlarının sektorlarının vergi təşviqindən istifadə edə, keçid iqtisadiyyatlı ölkələrlə münasibətlərdə daha əlverişli hüquqi-normativ, vergi-büdcə və ticarət siyasətini apara bilərlər.

UNEP hesab edir ki, G20 ölkələrinin digərlərinə nümunə göstərmək üçün kifayət qədər imkan və vasitələri var.

BMT dəfələrlə sıfır səviyyəli tullantı və iqlim dəyişikliklərinə davamlı iqtisadiyyata sərmayə qoymağa çağıraraq, bu cür sərmayələrin davamlı artım, iş yerlərinin yaradılması və yeni imkanların yaranmasına kömək edəcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.