UNEP-də təbiət üçün təhlükəsiz magistrallar inşa etməyə çağırıblar
AzerTAg.az

Bakı, 9 dekabr, AZƏRTAC
Avtomobil və dəmir yolları infrastrukturunun lazımi şəkildə planlaşdırılması təbiəti qorumağa və istixana qazları tullantılarının səviyyəsini azaltmağa imkan verəcək, eləcə də iqtisadi fayda gətirəcək.
AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir ki, bu barədə Ətraf Mühit Proqramının (UNEP) təşkilatın Monrealda keçirilən biomüxtəliflik üzrə konfransına təqdim olunan məruzəsində deyilir.
Məruzə UNEP-in və Ümumdünya Ətraf Mühitin Monitorinq Mərkəzinin ekspertlər qrupu tərəfindən hazırlanıb. Ekoloq alimlər avtomobil və dəmir yollarının tikintisi üzrə irimiqyaslı layihələrin icrası nəticəsində insanlar və təbiət üçün potensial risklərin və faydaların ilk qlobal tədqiqatını aparıblar.
Alimlər yeni analitik üsullardan istifadə edərək, 137 ölkədə həyata keçirilən və ya planlaşdırılan nəqliyyat infrastrukturunun inkişafı layihələrinin vəhşi heyvanların populyasiyasına, atmosferdə karbonun toplanması və azotun saxlanmasına, bu dövlətlərdə iş yerlərinin və ümumi daxili məhsulun (ÜDM) artmasına necə təsir göstərəcəyini proqnozlaşdırıblar.
Tədqiqat müəllifləri aşkar ediblər ki, hazırda planlaşdırılan nəqliyyat magistralları təqribən 60 min kilometr mühafizə olunan təbiət ərazilərindən və əsas biomüxtəliflik zonalarından keçir. Bu magistrallar 2500 növ quş, amfibiya və məməlinin yaşayış mühitinə öz təsirini göstərir.
Ağacların kəsilməsi nəticəsində təqribən 883 milyon ton karbon sərbəstləşəcək. Yaşıllığın itirilməsi 1,17 milyon ton azotun qorunmasını təhlükə ilə qarşı-qarşıya qoyur. Bitkilər olmayacağı halda bu əlavə azot zəhərli ola bilər.
Bununla yanaşı, hazırda planlaşdırılan nəqliyyat layihələri 2,4 milyon yeni iş yeri yaradacaq və ÜDM-in Şimali Amerikada, Avropa və Sakit okean ölkələrində 0,1 faiz, bu regionların hüdudlarından kənarda gəlir səviyyəsi daha aşağı olan ölkələrdə 1,3 faiz artmasına səbəb olacaq.
Xəbərin mətnində orfoqrafik səhv var