CƏMİYYƏT
UNEP-in 2018-ci il üçün ənənəvi məruzəsi dərc edilib
Bakı, 11 mart, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) 2018-ci il üçün ənənəvi məruzəsi dərc edilib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, məruzədə havanın və dənizlərin çirklənməsindən tutmuş parnik qazları tullantılarının azaldılması ilə bağlı qəbul etdikləri məqsədlərə çatmaq istiqamətində dövlətlərin səylərinin dəstəklənməsinədək müxtəlif sahələrdə UNEP-in gördüyü işlərdən söz açılır.
UNEP-in icraçı direktoru vəzifəsini icra edən Coy Msuyya deyib: “2018-ci ilin yetərincə mürəkkəb olmasına baxmayaraq, biznesin yeni üsullarla idarə olunması səylərinin artması və bu üsulların qlobal miqyasda dəstəklənməsi bizə ümid verdi, çünki bunlar qarşımızda duran ekoloji problemlərə qarşı mübarizə aparmağa kömək edir. Biz qabaqcıl metodların, təşviqat fəaliyyətinin, hökumətlərin, vətəndaş cəmiyyətinin və müəssisələrin məlumatlarının işıqlandırılmasında növbəti dəfə mühüm rol oynadıq”.
2019-cu ilin martında keçiriləcək BMT-nin Ətraf Mühit üzrə Assambleyası ərəfəsində dərc edilmiş məruzə göstərir ki, qarşılıqlı surətdə əlaqədar olan bir çox problemlərə qarşı mübarizə sürətlənməkdədir.
2018-ci ilin Dünya Ətraf Mühit Günü plastik kütlə ilə çirklənməyə qarşı mübarizə üzrə irimiqyaslı fəaliyyətə ruhlandırıb və bu fəaliyyət 190-dan çox ölkədə yüz milyonlarla insanı əhatə edib. Hindistan birdəfəlik plastik kütlədən istifadəni 2022-ci ilə qədər dayandırmağı öhdəsinə götürüb.
UNEP hər il milyonlarla insanın ölümünə səbəb olan havanın çirklənməsi probleminə dair birinci qlobal müşavirənin keçirilməsi üçün Dünya Səhiyyə Təşkilatı ilə birləşib, eyni zamanda elektrik mobilliyinin, yanacaq səmərəliliyinin inkişafı və bir çox digər yanaşmalar vasitəsilə havanın keyfiyyətinin artırılması istiqamətində dövlətlərin səylərini dəstəkləyib.
BMT-nin Ətraf Mühit Proqramının çağırdığı ölkə və təşkilatlar Konqo çayı hövzəsində “Cuvette Central Peatlands” torfluğunun mühafizəsi üçün səylərini birləşdiriblər. Bu torfluq nəsli kəsilməkdə olan 14 növün arealıdır, habelə qlobal parnik qazları tullantılarının üçillik həcminə bərabər karbon qazı udur.
Məruzədə, həmçinin bir çox digər istiqamətlərdə, o cümlədən soyuducu sənayenin ekologiyaya uyğunlaşdırılması, Darfur icmalarının iqlim dəyişmələri şəraitində resurslar uğrunda münaqişələrin sayının azaldılması ilə bağlı səylərinin dəstəklənməsi, habelə təbiəti mühafizə sahəsində qanunların icrasına daha ciddi nəzarətin təmin edilməsində hökumətlərə kömək etmək üçün onların maarifləndirilməsi istiqamətlərində UNEP-in fəaliyyətinin nəticələrindən danışılır.