MƏDƏNİYYƏT


UNESCO: 2005-ci il Konvensiyası Konfransının sessiyasında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının bəyanatı səsləndirilib

Paris, 2 iyun, AZƏRTAC

UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyasına üzv dövlətlərin Konfransının 8-ci sessiyası çərçivəsində Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun bəyanatı səsləndirilib.

AZƏRTAC xəbər verir ki, bəyanat UNESCO-dakı Daimi Nümayəndəliyimizin diplomatı Nigar Qurbanova tərəfindən təqdim edilib. Bildirilib ki, UNESCO yanında Qoşulmama Hərəkatı qrupu ölkələri UNESCO tərəfindən beynəlxalq ictimaiyyətə böyük töhfə olan Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi Konvensiyasının vacibliyini təsdiqləyir.

Qoşulmama Hərəkatına üzv dövlətlər UNESCO-nun Baş Konfransının 2001-ci il noyabrın 2-də keçirilmiş 31-ci iclasında qəbul edilmiş Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsində və Fəaliyyət Planında yer alan müddəaların yerinə yetirilməsinə sadiqliklərini ifadə edirlər. Üzv dövlətlər Mədəni Müxtəliflik naminə həyata keçirilmiş fəaliyyətlərin sinerjisini artırmaq məqsədilə UNESCO-nun Ümumdünya Bəyannaməsi və Fəaliyyət Planında təsbit olunmuş prinsiplərin təbliğində Birləşmiş Millətlər Sistemini UNESCO ilə əməkdaşlıq etməyə dəvət edirlər.

2005-ci il Konvensiyasının preambulasında göstərildiyi kimi “Mədəni özünüifadəni inkişaf etdirən, eləcə də yeniləyən və bütövlükdə cəmiyyətin inkişafı naminə mədəniyyətin inkişafında iştirak edənlərin rolunu artıran mədəni qarşılıqlı fəaliyyət və yaradıcılığın əsas rolu”nu vurğulayan N.Qurbanova bildirib ki, Qoşulmama Hərəkatı UNESCO-nun bütün üzvlərini nəsildən-nəslə keçə bilən və sülh, dözümlülük, birgəyaşayış, insan hüquqlarına hörmət vasitəsi kimi dövlətlərin mədəni özünüifadəsinin etibarlılığının təmin edilməsi və xalqların kimliyi və mədəni müxtəlifliyinin təşviqi üçün dialoqa dəvət edir.

Vurğulanıb ki, Qoşulmama Hərəkatı üzvləri UNESCO Katibliyinin Beynəlxalq Mədəni Müxtəliflik Fondunun səmərəli icrasını təmin etməyə, 2005-ci il Konvensiyasının və incəsənət nümayəndələrinin statusuna dair 1980-ci il Tövsiyəsinin icrası və monitorinqində sinerjini gücləndirməyə, mədəniyyət sahəsində fəaliyyətləri inkişaf etdirməyə, münaqişədən sonrakı yenidənqurma və barış proseslərinin əsas elementləri olaraq yaradıcılığı və mədəni həyatın canlandırılmasını, rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyini təşviq etmək üçün milli yol xəritələrinin statusunu, eləcə də mədəniyyət sahəsində gender bərabərliyini inkişaf etdirməyə, xüsusən inkişaf etməkdə olan kiçik ada dövlətlərində potensial yaradıcılıq və bilik-bacarıqların bölüşdürülməsi imkanlarını artırmağa yönəlmiş fəaliyyətləri təqdir edir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında elan edilmiş “Davamlı inkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli” çərçivəsində Qoşulmama Hərəkatına üzv dövlətlər ədalətli əməkhaqqı, sosial təhlükəsizlik və iqtisadi müdafiə sistemləri, eləcə də rəqəmsallaşdırmanın faydalarının ədalətli bölüşdürülməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıblar. Beynəlxalq İlin yaradıcı ekosisteminin dayanıqlığı və davamlılığının inkişafı üçün zəmin yaratdığı bildirilib.

“Bu kontekstdə Qoşulmama Hərəkatına üzv dövlətlər Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin mühüm rol oynadığını vurğulayır”, -deyə bəyanatın sonunda diqqətə çatdırılıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.