SİYASƏT
UNESCO-da “İslam Əməkdaşlıq Təşkilatı Günü” qeyd olunub
Paris, 1 oktyabr, AZƏRTAC
UNESCO-nun mənzil qərargahında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin iştirakı ilə “İƏT Günü” tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Mədəniyyətlərarası dialoq zorakı ekstremizm və münaqişələrin qarşısının alınması üçün vasitə kimi – mədəniyyətlərarası dialoqun təşviqi sahəsində İƏT-in üzv dövlətləri arasında uğurlu təcrübələr” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da UNESCO və İƏT katibliyinin nümayəndələri, eləcə də İraq, Qazaxıstan və Azərbaycan tərəfindən dəvət olunan ekspertlər çıxış ediblər.
UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən dəvət edilmiş ekspert Jan Kristof Bas Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” və onun çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumu, ölkəmizin bu sahəyə verdiyi önəm və töhfələr haqqında ətraflı məlumat verilib.
Tədbirdə daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov UNESCO-da İƏT qrupunun “İƏT Günü və mədəniyyət məsələləri” üzrə alt-komitəsinin sədri qismində çıxış edərək, bu tədbirin İƏT-in UNESCO-da imicinin artırılmasına xidmət etdiyini vurğulayıb. Həmçinin o, ölkəmizin mədəniyyətlərarası dialoq sahəsinə verdiyi mühüm töhfələri xatırladıb.
Tədbir iştirakçıları Azərbaycan da daxil olmaqla, İƏT-in 15 üzv dövlətinin birgə təşkil etdiyi ziyafətə dəvət ediliblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris