MƏDƏNİYYƏT


UNESCO gəncləri beynəlxalq fotoqrafiya müsabiqəsində iştirak etməyə dəvət edir

Paris, 10 may, AZƏRTAC

UNESCO-nun “Gənclərin İpək Yollarına baxışı” adlı Proqramı çərçivəsində beynəlxalq fotoqrafiya müsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun İpək Yolları Proqramı çərçivəsində və qurumun Sosial və Humanitar Elmlər Sektorunun UNESCO Gənclər Proqramının məqsədlərinə uyğun olaraq təşkil edilən fotomüsabiqənin 2022-ci il nəşri iyulun 17-dək davam edəcək.

İpək yolları dəniz və quru yolları şəbəkəsindən ibarət geniş regionu əhatə edir. Cənubi Asiya və Cənub-Şərqi Asiya, Orta Asiya yarımadası, Rusiya düzənlikləri, İran və Anadolu yaylaları, Ərəbistan yarımadası, eləcə də Tanzaniyadan Mərakeşə qədər Şimali Afrika və Şimal-Şərqi Afrika, Fransa ilə Pireney yarımadasını birləşdirən, Şərqi və Cənubi Avropa boyunca uzanan İpək yolu ölkələrinin gənclərinə ünvanlanan “Gənclərin İpək Yollarına Baxışı” müsabiqəsi bu bölgələrdə yaşayan və ya oraya səyahət etmiş gənclərə düşüncələrini bölüşməyə, İpək yollarında qarşılıqlı əlaqə və mübadilələrdən qaynaqlanan ümumi mədəni irsi və plüralist kimlikləri daha yaxşı anlamağa imkanı verir. Müsabiqə İpək yollarının əhatə etdiyi müxtəlif insanlar arasında qarşılıqlı anlaşmanı və sülhü təşviq etmək üçün bu qarşılıqlı mədəni əlaqələri və görüşləri müasir dünyaya yaymaq məqsədilə fotoqrafiyadan istifadəni təşviq edir.

Müsabiqə iki fərqli yaş qrupunu əhatə edir: 14-17 və 18-25. Üçüncü dəfə təşkil olunan müsabiqəyə bu il “İnanc və mənəviyyatlar” və “Birlikdə yaşamaq” kimi iki mövzu üzrə fotolar qəbul edilir.

Fotolar seçki komissiyası tərəfindən nəzərdən keçiriləcək və hər yaş kateqoriyası üzrə qaliblər müəyyən olunacaq. Müsabiqə mükafatlandırma mərasimi ilə başa çatacaq. Birinci yerin qaliblərinə professional fotoaparat, ikinci yerin qaliblərinə yarıprofessional kamera, üçüncü yerin qaliblərinə isə rəqəmsal kamera (standart) hədiyyə olunacaq.

Bundan əlavə, COVID-19 məhdudiyyətlərinə uyğun olaraq, qaliblərin mərasimdə iştirakı üçün bütün xərclər ödəniləcək. UNESCO-nun dəvətinə əsasən, yaşı 17-dən az olan laureatları böyüklər müşayiət edə biləcəklər.

Qalib fotolar arasından ən yaxşı 50 fotoşəkil dünyanın müxtəlif ölkələrində sərgilənəcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.