MƏDƏNİYYƏT


UNESCO-nun Baş direktoru: Mədəni irsin dağıdılması yolverilməzdir

Paris, 19 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının UNESCO yanında Daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev qurumun Baş direktoru Odre Azule ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə A.Qocayev UNESCO-nun Baş direktoruna Ermənistanın Azərbaycana qarşı növbəti silahlı hücumu nəticəsində sentyabrın 27-də Ordumuzun mülki əhalini və obyektləri qorumaq məqsədilə əks-hücum əməliyyatına başlaması, qısa müddətdə Qarabağın bir hissəsini işğalçılardan azad edilməsi haqqında məlumat verib.

Bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyanın prezidentləri və Ermənistan Respublikasının Baş naziri arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, Ermənistan dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana təhvil verəcək, məcburi köçkünlər doğma evlərinə qayıdacaqlar.

Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycanın Müzəffər Ordusunun azad etdiyi ərazilərdə təşkil olunan missiyanın ilkin hesablamalarına görə, təqribən 30 illik erməni işğalı nəticəsində mədəni və tarixi abidələr, kilsələr, türbələr, tarixi binalar, muzeylər tamamilə dağıdılıb, mədəni irs nümunələri, əlyazmalar və artefaktlar talan edilərək Ermənistana daşınıb. Ermənilərin məscidlərimizin və inanc yerlərimizin qəsdən tövləyə çevrilməsinin təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının dini inanclarına qarşı təxribat olduğu xüsusi vurğulanıb.

Təəssüflə qeyd edilib ki, ermənilər bununla kifayətlənməyərək, noyabrın 10-da imzalanmış sənədə əsasən tərk etməli olduğu ərazilərdəki evləri, məktəbləri, meşələri yandırır, ağacları kəsir, kilsələri talan edərək içərisindəki tarixi-dini kitab və əlyazmaları, dini əşya və atributları Ermənistana daşıyır. Bu faktların Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması üzrə 1954-cü il Konvensiyasına və Mədəni dəyərlərin qeyri-qanuni mənimsənilməsinin qadağan edilməsinə dair 1970-ci il Konvensiyasına zidd olduğu Baş direktorun diqqətinə çatdırılıb.

Odre Azuleyə, həmçinin müharibədə məğlub olan Ermənistan tərəfinin indi başqa sahələrdə, xüsusən də guya ermənilərə məxsus kilsələrin dağıdılması barədə çirkin kampaniyaya başlamasına dair məlumat verilib. Bunun tamamilə yalan olduğu bildirilərək vurğulanıb ki, əksinə, Azərbaycan hökuməti, Heydər Əliyev Fondu tezliklə Ermənistan tərəfindən dağıdılmış mədəni irsinin bərpasına başlayacaq.

Azərbaycan təkcə öz ərazisində deyil, bütün dünyada mədəni irsin qorunması üçün əməli fəaliyyət göstərir. Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun Fransada, Vatikanda, İtaliyada, Almaniyada və digər ölkələrdə xristian məbədlərinin və abidələrinin bərpasına maliyyə dəstəyi verdiyi diqqətə çatdırılıb, öz ərazisində yerləşən, özünün irsi olan mədəni və dini abidələri dağıtması barədə fikirlərin cəfəng, UNESCO-nu çaşdırmaq üçün atılan siyasi addım olduğu vurğulanıb.

Ətraflı məlumata görə təşəkkür edən O.Azule UNESCO-nu siyasiləşdirmək cəhdlərinin qəti əleyhinə çıxdığını, mədəni irs abidələrinin dağdılmasının yolverilməz olduğunu bildirib. Baş direktor Azərbaycanın mədəni irsinin bərpası üçün UNESCO-nun dəstək verməyə hazır olduğunu qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.